AZ

Dövlət Məşğulluq Agentliyindən dəstək alan sahibkar: İşimizi genişləndirmək fikrimiz var

Bakı, 13 aprel, AZƏRTAC

Pəncərə-qapı istehsalı işini bacarsam da, avadanlıqları almaqda çətinlik çəkirdim. Dövlət Məşğulluq Agentliyinin kiçik sahibkarlara dəstək göstərdiyini eşitdim. DOST mərkəzinə yaxınlaşıb müraciət etdim. Orada məni yaxşı qarşıladılar, sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən biznesin idarəedilməsi ilə bağlı təlimlərə çağırıldım. Təlimlərdə iştirak etdim və biznesin qurulmasını, idarəedilməsini, malın maya dəyərinin çıxarılmasını, bazarda malın qiymətləndirilməsini öyrəndim. Daha sonra məni avadanlıqlarla təmin etdilər.

Bunu AZƏRTAC-a açıqlamasında kiçik sahibkar Taleh Əliyev deyib.

O bildirib ki, avadanlıqları aldıqdan sonra öz işini qurmağa başlayıb və müştərilərin sifarişlərini qəbul edib: “Sonra məlumat aldım ki, agentliyin birgə maliyyələşdirmə layihəsi də var. Həmin layihəyə əsasən, işçi götürəndə Dövlət Məşğulluq Agentliyi onun maaşının ödənilməsinə kömək göstərir. Belə ki, ilk 3 ayda işçinin bütöv maaşı, növbəti 3 ayda isə maaşın yarı hissəsini dövlət verir. Bu fakt məni işçi götürmək üçün həvəsləndirdi, həmin layihədə iştirak etdim. Hazırda 1 işçim var. İşimizi genişləndiririk, artıq “Talus” adında brendimiz var, yeni model plastik qapılar düzəldirik. Gələcəkdə də işimizi genişləndirmək, əlavə işçilər götürmək fikrimiz var”.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 72 min 600 gənci münasib işlə təmin edib. Özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son 1 ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək, müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

Müxbir - Günel Türksoy

Seçilən
33
1
azertag.az

2Mənbələr