Bu gün Azərbaycan futbolunun canlı əfsanəsi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 54 yaşı tamam olur. Əminliklə deyə bilərik ki, bu ad artıq təkcə bir futbolçu və ya məşqçi kimi deyil, bütöv bir məktəb, futbol fəlsəfəsi kimi qəbul olunur. Əfsanəvi məşqçimizin keçdiyi yol, qazandığı nailiyyətlər və Azərbaycan futboluna verdiyi töhfələr sadəcə statistik göstəricilərlə ölçülə bilməz. Bu, bir ömrün futbola həsr olunmuş şərəfli salnaməsidir. Onun adı bu gün təkcə Azərbaycan daxilində deyil, beynəlxalq arenada da tanınır və hörmətlə qarşılanır. Qazandığı uğurlar, göstərdiyi nümunəvi həyat yolu və idmanda qoyduğu iz Azərbaycan idman ictimaiyyətində uzun müddət yadda qalacaq.

Qurban Osman oğlu Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Onun uşaqlıq illəri məhz burada keçib və futbol sevgisi də elə bu illərdə formalaşıb. Atası ailənin idman ənənələrinə sadiq bir insan olub və onun futbola marağına dəstək verib.
Üç bacısı, iki qardaşı olan Qurban valideynlərinin sonuncu övladıdır. 1989-cu ildə atası, 2017-ci ildə isə anası vəfat edib. 2000-ci ildə ailə həyatı qurub. Qurbanovun üç övladı var, qardaşının adını daşıyan Musa, Zəhra və anasının adını daşıyan Güləbatın.

9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. Sonradan həmin klubda əsas heyətdə oynamağa başlayıb. Daha sonra karyerasını "Alazani" (Gürcüstan), "Turan" (Tovuz), "Kür-Nur" (Mingəçevir), "Neftçi", "Dinamo" (Stavropol, Rusiya), "Baltika" (Rusiya), "Fakel" (Rusiya), "Neftçi", "Volqa-Qazprom" (Rusiya), "Neftçi" və "İnter" komandalarında davam etdirib.
1992-2005-ci illərdə Azərbaycan millisində çıxış etmiş Qurban Qurbanov 68 oyunda 14 qol vurub. Milli komanda karyerası Qurban Qurbanovun futbolçu kimi zirvə nöqtələrindən biri olub. Azərbaycan milli komandası heyətində keçirdiyi oyunlar, vurduğu qollar və meydandakı mübariz ruhu onun adını ölkə futbol tarixində xüsusi yerə yazıb. Son illərə qədər millimizdə ən çox qol vuran oyunçu ünvanına sahib olub. 2017–2018 illər arasında Azərbaycan millisinə baş məşqçilik də edib.
O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək "Qarabağ"a baş məşqçi təyin olunub. Bu günə qədər də həmin işi uğurla davam etdirir. Son 18 ildə "Qarabağ" klubu ilə bir neçə dəfə Azərbaycan Kubokunun qalibi olub, on dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb.
“Qarabağ” 2014-cü ildən başlayaraq UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edib, 2017-ci ildə isə Azərbaycan futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və 2025-26-cı illərdə bu, ən mötəbər turnirdə yazdığı tarix isə dünyada hələ çox müzakirə olunacaq...
Qurban Hoca ilə bağlı daha bir xoş təsadüf də var. Bu da ondan ibarətdir ki, bu gün onun oğlu Musa Qurbanlının da 24 yaşı tamam olur. Hazırda oğlu “Qarabağ”ın əsas hücumçularından biridir.

Sonda onu da qeyd edək ki, 2022-ci il aprelin 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə Qurban Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.
Cavanşir ABBASLI
Musavat.com