AZ

General: Aİ ölkələri tezliklə ümumi hərbi xidmət tətbiq etməli ola bilər

Avropa Müdafiə Agentliyinin (EDA) rəhbəri general Andre Denk İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Avropa İttifaqı ölkələrində məcburi hərbi xidmətin bərpası ehtimalını istisna etməyib.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, ümumi hərbi xidmətin tətbiqi ehtiyacı dünyada və Avropa ətrafında proseslərin necə inkişaf edəcəyindən asılı olacaq: “Hadisələrin necə inkişaf etməsindən asılı olaraq məcburi hərbi xidmət yenidən lazım ola bilər”.

O, nümunə kimi öz 17 yaşlı qızının Bundesverin zabit məktəbinə qəbul olunmağa hazırlaşdığını qeyd edib və gənclərin hamısının hərbi xidmətə maraq göstərmədiyini vurğulayıb. Bu səbəbdən kadr çatışmazlığının, xüsusilə Almaniyada, gələcəkdə çağırış sisteminin geri qaytarılmasına gətirib çıxara biləcəyini bildirib.

Denkin fikrincə, Avropa müdafiəyə daha çox vəsait ayırsa da, bu, həmişə daha effektiv nəticə vermir. O hesab edir ki, ciddi modernləşdirməyə baxmayaraq, qitə hələ də hərbi imkanlarda mövcud boşluqları tam aradan qaldırmayıb.

General xüsusilə pilotsuz uçuş aparatları, onlara qarşı müdafiə sistemləri və inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin inkişafına diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Avropa orduları milli səviyyədə qalmalıdır və əsas məqsəd yaxşı hazırlanmış, təchiz olunmuş qüvvələrin Aİ ərazisinin və vətəndaşlarının müdafiəsi üçün birgə fəaliyyət göstərməsi olmalıdır. O, vahid Avropa ordusu ideyasını “real olmayan” adlandırıb.

Denk həmçinin ABŞ-la bağlı mövcud siyasi ritorika fonunda Avropanın Vaşinqtonu artıq etibarlı müttəfiq kimi qəbul etməməli olduğunu bildirib və daha çox öz resurslarına güvənməli olduğunu vurğulayıb. Onun fikrincə, “həqiqi müstəqillik” üçün Aİ daxilində silah alışlarının artırılması vacibdir.

Samir
 

Seçilən
5
hit.az

1Mənbələr