AZ

Çin: Hörmüz boğazından maneəsiz keçid beynəlxalq ictimaiyyətin ortaq marağıdır

Çin Yaxın Şərqdə artan gərginlik fonunda Hörmüz boğazında gəmiçilik fəaliyyətinin qorunmasının vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Trampın boğazın blokadaya alınması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Sözçü qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ticarət və enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu marşrutda təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunması qlobal maraqlara xidmət edir. O, mövcud pozuntuların əsas səbəbi kimi regiondakı münaqişəni göstərərək, çıxış yolunun atəşkəs və gərginliyin tez bir zamanda azaldılmasından keçdiyini bildirib.

Quo Ciakun əlavə edib ki, İslamabadda keçirilən danışıqlar vəziyyətin sabitləşdirilməsi baxımından önəmli addımdır. O, tərəfləri əldə olunmuş müvəqqəti razılaşmalara əməl etməyə və diplomatik səyləri davam etdirməyə çağırıb.

Çin rəsmisi həmçinin bütün tərəfləri təmkinli davranmağa dəvət edərək, ölkəsinin enerji təhlükəsizliyi və təchizat zəncirinin davamlılığını qorumaq üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.

ABŞ-ın Çinin İrana silah tədarük edə biləcəyi ilə bağlı iddialarına da münasibət bildirən sözçü, Pekinin hərbi ixrac məsələsində məsuliyyətli mövqe tutduğunu, beynəlxalq öhdəliklərə əməl etdiyini və bu cür ittihamları qəbul etmədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
5
21
turkustan.az

10Mənbələr