AZ

Hansı ərazilərdə tikilən evlərdə çökmə riski daha yüksək ola bilər? - ƏMLAK EKSPERTİ AÇIQLADI

Son illər Bakının müxtəlif ərazilərində su hövzələrinin doldurularaq torpaq sahələrinə çevrilməsi və tikinti məqsədilə istifadəyə verilməsi ilə bağlı narahatlıqlar artır. Mütəxəssislər bu prosesin həm ekoloji tarazlığa, həm də gələcəkdə həmin ərazilərdə inşa olunan evlərin dayanıqlığına ciddi təsir göstərə biləcəyini bildirirlər. xüsusilə keçmiş bataqlıq və göl ərazilərində aparılan tikintilər uzunmüddətli risklər yaradır. Bəs bu cür ərazilərdə həqiqətən də evlərin çökmə təhlükəsi varmı? Hansı ərazilərdə tikilən evlərdə çökmə riski daha yüksək ola bilər?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, Bakı şəhərinin ətraf qəsəbələrində bir çox yerlərdə keçmişdə bataqlıq və ya göl olmuş ərazilər bələdiyyə sənədləri ilə satılıb:

"Düzdür, bunların arasında çıxarış verilənlər də var, amma daha çoxu yalnız bələdiyyə sənədləri ilə satılmış torpaqlardır. Yəni söhbət əvvəllər bataqlıq və ya su hövzəsi olan ərazilərdən gedir. Sonradan iş adamları tərəfindən bu ərazilər torpaqla doldurulub və insanlara satılıb və ya həmin yerlərdə evlər tikilib. Belə ərazilərdə tikinti aparmaq olduqca riskli hesab olunur. Çünki nəzərə alsaq ki, bu torpaqlar əvvəllər göl və ya bataqlıq olub, yaxud su toplanan ərazilər olub, burada tikinti aparmaq təhlükəlidir. Bu ərazilərə sonradan tökülən torpaq sıxılmamış (preslənməmiş) olur və aşağı qat çökməyə meyilli qalır. Bu çökmə prosesi illərlə davam edə bilər. Torpaq zamanla oturduqca, əgər üzərində ev tikilibsə, həmin tikililərdə çatlar yaranır, qəzalı vəziyyətə düşə və hətta uça bilər. Yağışlar, nəmişlik və yeraltı sular bu prosesi daha da sürətləndirir.

Digər tərəfdən, bu cür torpaqlar suyu yaxşı qəbul etmir. Çünki aşağı qat artıq nəmli və ya yeraltı sularla doludur. Nəticədə yağan yağış suları torpağa hopmur və tez bir zamanda gölməçələr əmələ gəlir, su basma halları baş verir. Bundan əlavə, bu ərazilərdə kanalizasiya sistemləri ya ümumiyyətlə yoxdur, ya da mövcud sistemlər suyu tam ötürmək gücündə deyil. Bu da su basma riskini daha da artırır. Hüquqi məsələyə gəldikdə isə, 2007-ci ilə qədər bələdiyyə və ya icra hakimiyyəti tərəfindən verilmiş torpaq sahələri müəyyən hallarda qanuni hesab edilə bilər. Lakin 2007-ci ildən sonra bələdiyyələrin vətəndaşlara birbaşa torpaq ayırmaq səlahiyyəti olmadığı üçün həmin dövrdən sonrakı bələdiyyə sənədlərinin hüquqi qüvvəsi yoxdur. Bu cür torpaqları adi baxışla müəyyən etmək çətindir. Bunun üçün ərazi barədə araşdırma aparmaq, ətrafda yaşayan köhnə sakinlərdən soruşmaq və ya əvvəlki illərə aid xəritələrə (məsələn, peyk görüntülərinə) baxmaq lazımdır. Beləliklə, həmin ərazinin əvvəllər göl, bataqlıq və ya su yığılan sahə olub-olmadığını müəyyən etmək mümkündür. Nəticə olaraq, əvvəllər bataqlıq və ya su yığılan ərazilər olub, sonradan doldurulmuş torpaqlarda tikinti aparmaq yüksək risklidir. Bu torpaqlar illər keçdikcə çökməyə davam edir və bu da üzərində tikilən evlər üçün ciddi təhlükə yaradır"

Müəllif: Arzu Qurbanlı
Seçilən
8
1
sia.az

2Mənbələr