AZ

İran-ABŞ gərginliyi: Gedişat necə olacaq?

Xəbər verdiyimiz kimi, Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında keçirilən birbaşa danışıqlar gözlənilən nəticəni vermədi. 

Danışıqların nəticəsiz başa çatmasından sonra ABŞ-nin Hörmüz boğazına yönəlik dəniz blokadası planı regionda gərginliyi pik həddə çatdırıb.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında İran limanlarına qarşı dəniz blokadasının bu gün saat 17:00-dan etibarən başlayacağını açıqlayıb.

İrandan isə ard-arda sərt açıqlamalar səslənir. Tehran rəhbərliyi mümkün müdaxiləyə qarşı yeni addımlar ata biləcəyinə işarəedir. 

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın blokada ilə bağlı bəyanatlarını “reallıqdan uzaq təhdid” kimi qiymətləndirib.

Əzizi “Bəlkə də digər kartlarımızı da ortaya qoyarıq” ifadəsi ilə Vaşinqtona üstüörtülü mesaj göndərib. İrandan verilən digər açıqlamada isə ABŞ-nin dəniz blokadası təşəbbüsünə sərt reaksiya verilib. 

Basra körfəzi və Oman dənizində yerləşən İran limanlarına hücum ediləcəyi təqdirdə, “regiondakı heç bir liman təhlükəsiz olmayacaq” – deyə xəbərdarlıq edilib.

Qeyd edək ki, dünyanın ən strateji enerji keçid nöqtələrindən biri olan Hörmüz boğazı vasitəsilə qlobal neft tədarükünün təxminən 20 faizi daşınır. 

Bölgədə baş verə biləcək mümkün qarşıdurma neft qiymətlərində kəskin artım və qlobal iqtisadi dalğalanmalar riskini artırır.

Çin başda olmaqla bir sıra ölkələr tərəfləri təmkinli olmağa çağırsa da, ABŞ və İran arasında qarşılıqlı sərt bəyanatlar böhranın daha da dərinləşə biləcəyi ilə bağlı narahatlıqları gücləndirir.

Məlum danışıqlar nəticəsiz başa çatdı, bundan sonrakı gedişat necə olacaq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bundan sonrakı gedişat İranın mövqeyindən asılıdır.

“Bunlar uranın zənginləşdirilməsindən imtina və Hörmüz boğazının açılmasıdır. Ümumiyyətlə, müharibədən əvvəl Hörmüz boğazının təhlükəsizliyi məsələsi gündəmdə deyildi. Hamı bu boğazdan rahat istifadə edir, tankerlər nefti yükləyərək dünya bazarına nəql edirdilər. 

Müharibədən sonra isə İran Hörmüz boğazını nəzarəti götürdü və indi də deyir ki, tankerlər rüsum ödəməlidir. Bu isə beynəlxalq aləmdə ciddi narazılıq yaradıb və enerji daşıyıcılarının qiymətlərinin artmasına səbəb olub. Eyni zamanda, təhlükəsizlik problemi hələ də tam həllini tapmayıb.

Bu səbəbdən ABŞ də İranı hədələyir. Belə bir şəraitdə Hörmüz boğazı ilə bağlı razılaşmanın əldə olunması ehtimalı aşağı qiymətləndirilir. Bu isə yenidən lokal toqquşmaların baş vermə riskini artırır. Baxmayaraq ki, hazırda tərəflər müəyyən fasilə götürüblər və bir qədər də “yorğunluq” var”. 

Politoloq vurğulayıb ki, mövcud vəziyyət Çin üçün yaxşı heç nə vəd etmir:

“Çünki Çin atəşkəsdə maraqlı əsas tərəflərdən biridir və İrana təsir imkanlarına malikdir. Pakistanın vasitəçi kimi irəli çıxması da məhz Çinin dəstəyi ilə baş tutdu və görüşlərin İslamabadda keçirilməsi buna nümunədir. Lakin danışıqların nəticəsiz qalması Çinin maraqlarına mənfi təsir göstərir.

Belə ki, Çin həm İrandan ucuz neft alır, həm də Körfəz ölkələri ilə enerji əməkdaşlığını davam etdirir. Amma əgər ABŞ, Donald Trampın göstərişi ilə Hörmüz boğazından keçən tankerlərə nəzarəti gücləndirsə, tankerləri yoxlamağa başlasa və İranın Çinə ucuz neft satışına mane olsa, bu, vəziyyəti daha da mürəkkəbləşdirəcək”. 

Seçilən
16
cebheinfo.az

1Mənbələr