2013-cü ildə vəhşicəsinə qətlə yetirilən Vüsal Şilderin anası Mətanət Şilder saytımıza müsahibəsində vaxtilə onun vəkili olmuş Aslan İsmayılovla bağlı bir sıra ittihamlar səsləndirib. O deyib: “Mən axırda Aslan İsmayılov daxil olmaqla, hər kəsə nifrət elədim. Çünki yalan idi, pullarım yeyildi. Hər şey gizlədildi, ört-basdır olundu. Mən də sonda İlahi ədalətə buraxdım ki, eybi yoxdur, həyat bir gün elə gətirəcək ki, hər şey yerini tapacaq”.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan vəkil Aslan İsmayılov bildirib ki, M.Şilderin onunla bağlı söylədiyi ittihamlar həqiqəti əks etdirmir:
“Mətanət Şilderin səsləndirdiyi fikirlərə bağlı ətraflı cavab verəcəyəm. O xanım nə deyirsə düzdür, mənimlə bağlı söylədiklərindən savayı. Mətanət xanıma edilən zülüm yer üzündə heç kimə olunmayıb. Sadəcə onu öz qohumları inandırmışdı ki, guya mən qarşı tərəfə satılmışam. 2 il sonra məndən yenidən xahiş etdi ki, bu işlə məşğul olum. Amma məşğul olmadım. Çünki mənə qarşı çox pis ifadələr istifadə etmişdi. Lakin heç bir cavab vermədim. Çünki onun başına gələnləri görmüşdüm.
Bu illər ərzində Vüsal Şilder cinayəti ilə bağlı işi bir gün də yadımdan çıxarmamışam. O ananın çəkdiyini düşmənə belə arzulamaram. O zülmün arxasında elə belə adamlar dayanmamışdı və hamısı zəlil olub cavab verməlidir. Tariyel Ağayev (Azərbaycan Prezidentinin keçmiş köməkçisi, qətlə səbəb olmaqda adı hallanan Lalə Ağayevanın atası Tariyel Ağayev) filan boş şeydir”.
Qeyd edək ki, 2013-cü il mayın 2-də paytaxtın Ə.Rəcəbli küçəsində Almaniya vətəndaşı olan 23 yaşlı Vüsal Şilder bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Baş Prokurorluğun protesti əsasında Seymur Talıbov barəsində yeni qərar qəbul olunub və cəzası başa çatdığı üçün onun yenidən axtarışa verilməsi barədə qərar çıxarılıb.
2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda Vüsal Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilən Azərbaycan vətəndaşı Əlizadə Xəyal Məzahir oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub, o, həbs edilib və aprelin 10-da İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən Azərbaycana ekstradisiya olunub.
Nazim Hacıyev
Telegram kanalımız