AZ

Türk Dövlətlərinin birliyi Orta Dəhlizi qlobal ticarətin əsas arteriyasına çevirir - ŞƏRH

Bakı, 13 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması fonunda Orta Dəhlizin beynəlxalq nəqliyyat-logistika sistemində rolu sürətlə artmaqdadır.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, son illərdə qlobal təchizat zəncirlərində müşahidə olunan transformasiyalar, xüsusilə geosiyasi gərginliklər və ənənəvi marşrutlarda yaranan risklər alternativ dəhlizlərə olan tələbatı artırıb.

“Məhz bu şəraitdə Orta Dəhliz Avropa ilə Asiya arasında daha təhlükəsiz, çevik və səmərəli bağlantı kimi ön plana çıxır. TDT çərçivəsində üzv ölkələr arasında siyasi dialoqun güclənməsi, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat sahəsində koordinasiyanın artması Orta Dəhlizin rəqabət üstünlüyünü əhəmiyyətli dərəcədə möhkəmləndirir. Xüsusilə Azərbaycan və Türkiyənin təşəbbüsləri, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinin fəal iştirakı bu marşrutun dayanıqlılığını və funksionallığını artırır. Orta Dəhliz artıq təkcə alternativ yol deyil, qlobal ticarət sisteminin mühüm komponentinə çevrilməkdədir. Bu marşrut üzərindən daşımaların həcminin artması, logistika zəncirində vaxt itkisini minimuma endirir və biznes subyektləri üçün əlavə üstünlüklər yaradır”, – deyə o vurğulayıb.

Birlik sədri bildirib ki, Orta Dəhlizin inkişafında infrastruktur layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Dəmir yolu xətlərinin modernləşdirilməsi, limanların ötürücülük qabiliyyətinin artırılması, rəqəmsal texnologiyaların tətbiqi və gömrük prosedurlarının sadələşdirilməsi bu istiqamətdə atılan əsas addımlardandır. Bakı–Tbilisi–Qars dəmir yolu xətti, Xəzər dənizi üzərindən həyata keçirilən daşımalar və region ölkələrinin logistika mərkəzləri Orta Dəhlizin səmərəliliyini artıran əsas elementlər sırasındadır”.

Aqil Camal əlavə edib ki, TDT ölkələri arasında ortaq dəyərlərə əsaslanan əməkdaşlıq modeli yalnız iqtisadi dividendlərlə məhdudlaşmır. Bu əməkdaşlıq həm də regionda siyasi sabitliyin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşmasına xidmət edir. Onun fikrincə, mədəni-humanitar əlaqələrin inkişafı da bu prosesin ayrılmaz tərkib hissəsidir və xalqlar arasında yaxınlaşmanı daha da sürətləndirir.

“Qarşıdakı dövrdə Orta Dəhlizin potensialından tam istifadə etmək üçün koordinasiyalı siyasət, vahid standartların tətbiqi və institusional əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir. Bu istiqamətdə atılacaq addımlar TDT məkanını qlobal iqtisadiyyatın aparıcı tranzit və ticarət mərkəzlərindən birinə çevirə bilər”, – deyə Aqil Camal qeyd edib.

A.Camal bildirib ki, Orta Dəhlizin güclənməsi yalnız region ölkələri üçün deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu isə yeni iqtisadi imkanların yaranmasına, investisiya axınlarının artmasına və beynəlxalq əməkdaşlığın daha geniş platformada inkişafına şərait yaradır.

Müxbir-Vüqar Qurbanoğlu
Seçilən
12
1
azertag.az

2Mənbələr