Yaponiya alternativ enerji sahəsində diqqətçəkən iddia ilə çıxış edib.
Day.Az xəbər verir ki, Shimizu Corporation tərəfindən irəli sürülən "Luna Ring" layihəsinə əsasən, Ayın ekvatoru boyunca minlərlə kilometr uzanan günəş panelləri qurularaq fasiləsiz enerji istehsalı mümkün ola bilər.
Bu sistem hava şəraitindən və gecə-gündüz dövriyyəsindən asılı olmayaraq daim günəş enerjisi toplamağa imkan verəcək.
Layihəyə görə, toplanan enerji elektrikə çevrilərək lazer şüaları vasitəsilə Yerə ötürüləcək və burada yenidən istifadə edilə bilən enerjiyə çevriləcək. Mütəxəssislər hesab edir ki, bu texnologiya uğurla həyata keçirilərsə, kömür və neft kimi ənənəvi enerji mənbələrinə ehtiyac xeyli azalacaq.
Bununla yanaşı, sistemin hidrogen istehsalı üçün də istifadə olunması planlaşdırılır. Lakin layihənin əsas problemi yüksək maliyyət və texniki çətinliklər olaraq qalır.
Day.Az