AZ

Con Brennan: Tramp ruhi xəstədir, dərhal uzaqlaşdırın

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan Trampın vəzifədən uzaqlaşdırılmasına çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “NBC News” və digər xarici KİV-lər məlumat yayıb.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan Donald Trampın ABŞ Konstitusiyasının 25-ci düzəlişinə əsasən vəzifəsindən kənarlaşdırılması üçün çağırış edib.

Buna səbəb kimi Trampın İranla müharibə fonunda səsləndirdiyi “İran sivilizasiyasını məhv etmək” kimi radikal və təhlükəli bəyanatları göstərilib.

“Bu adamın psixi cəhətdən xəstə olduğu açıq-aydın görünür. 25-ci düzəliş məhz Tramp kimi şəxslər üçün yazılıb”, – Brennan bildirib.

Onun fikrincə, prezident dövlət başçısı vəzifələrini icra etmək iqtidarında deyil və onun davranışı ölkə üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, bu proses impiçmentdən fərqli bir mexanizmdir. 25-ci düzəlişə əsasən, vitse-prezident və Nazirlər Kabinetinin üzvlərinin əksəriyyəti prezidentin iş qabiliyyətinin olmadığını yazılı şəkildə bəyan etməlidir. Bu halda səlahiyyətlər vitse-prezidentə keçir.

Əgər prezident buna etiraz edərsə, yekun qərarı Konqres qəbul edir və bunun üçün deputatların üçdə iki səs çoxluğu tələb olunur.

Bununla belə, hazırkı siyasi reallıqda bu ssenarinin reallaşması ehtimalı olduqca aşağı qiymətləndirilir. Tramp administrasiya daxilində və Konqresdəki Respublikaçılar arasında güclü dəstəyə malikdir.

Xatırladaq ki, Tramp özünün ilk prezidentlik dönəmində artıq iki dəfə impiçment prosesindən uğurla çıxıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
interpress.az

1Mənbələr