AZ

Keçmiş deputat yenidən həbsxanaya qaytarıldı - AÇIQLAMA

Səhhətində yaranan problemlərə görə Ədliyyə Nazirliyinin Müəlicə Müəssisəsinə yerləşdirilən keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli yenidən cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Bunu “Yeni Sabah”a açıqlamasında onun həyat yoldaşı Fəridə Bəydəmirli bildirib.

F.Bəydəmirlinin sözlərinə görə, aprelin 10-da müalicə müəssisəsində N.Bəydəmirli ilə görüşüb: “Mən ötən həftənin cümə gün onunla görüşə getmişdim. Şənbə günü isə 13 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Görüşdə dedi ki, xəstəlik vərəqəsində “kəskin respirator qrip” yazılıb. Ancaq mən başa düşmürəm, necə olur ki, belə diaqnoz qoyurlar? Özləri əvvəl deyirdilər ki, ağciyərdə 20 faiz buzlaşma var. Hətta biz şübhələnirdik ki, vəziyyət daha ağır ola bilər. Çünki yalnız rentgen ediblər, KT olunmayıb. Mən özüm də klinikada işləyirəm, bilirəm ki, əgər pnevmoniya şübhəsi varsa, mütləq KT edilməlidir. Rentgenlə KT-nin imkanları eyni deyil.

İlkin müayinələr aparılıb, analizlər götürülüb, amma müalicə ilə bağlı lazım olanların demək olar hamısını mən almışam, iynələri də, dərmanları da. Orada bu imkanlar yoxdur. Hətta inhalyasiya aparatı da mənim tərəfimdən alınıb”.

F.Bəydəmirli deyib ki, təkrar KT, rentgen və analizlər aparılmadan onun sağlam sayılması doğru deyil:

“Birinci mərhələ müalicə bitəndən sonra ikinci mərhələ yazılmışdı. Mən onunla görüşəndə də dedim ki, bu müalicə başa çatandan sonra yenidən KT və ya rentgen olunmalı, analizlər təkrarlanmalı, ehtiyac varsa, müalicə davam etdirilməlidir. Axı pnevmoniyanın nəzarətdə saxlanılması vacibdir.

Nazim bəy orada cəmi 15 gün qaldı. Yəni ora yerləşdiriləndən 5 gün sonra diaqnoz qoyuldu. Açığı, bu diaqnoz mənə çox qeyri-ciddi göründü.

Xəstəlik kağızında “kəskin respirator qrip” yazmışdılar. Mən də ertəsi gün səhər həm müəssisə rəhbərliyi ilə danışdım, həm də etirazımı bildirdim. Dedilər ki, artıq onu etap ediblər. Mən soruşdum ki, necə etap edə bilərsiniz? Adam hələ müalicə alır. O, 21 gün karantində qalmalı idi.

Əvvəl olduğu yer mənə yaxın idi, nəsə lazım olanda tez çatdırırdım. İndi isə 80 kilometr uzaqlıqdadır, ora çatmaq çox çətindir.

Mənə dedilər ki, bu, həkimlərin işidir. Baş həkimi tapmağa çalışdım, dedilər məzuniyyətdədir, başqa həkim baxır. Onunla da danışanda bildirdi ki, guya xəstə tam sağlamdır. Amma axı ağciyərdə buzlaşmanı olduğunu mən deməmişəm, bunu Baş Tibb İdarəsinin həkimləri, Yeni Klinikanın həkimi, təcili yardım müdiri deyib. Üstəlik, xəstənin vəziyyətindən də görünür ki, bu adi qrip deyil, pnevmoniyadır.

Mən bunu sosial şəbəkədə də yazmışdım: təzyiqi 190-a qalxıb, temperaturu 39 olub, saturasiyası 84-ə düşüb. Təcili yardım gəlib bunu təsdiqləyib. Nəfəsi çatmadığı üçün oksigen aparatına qoşulub. Belə vəziyyət adi qripdə olmur.

İsrar etdim ki, əgər həmin yerdə şərait yoxdursa, xəstəni Yeni Klinikaya, “Bona Dea”ya və ya başqa tibb müəssisəsinə aparsınlar, KT etsinlər. Çünki həmin avadanlıqlar o klinikalarda var. Koronavirusda da belə hallar olurdu, ağciyərlər zədələnir, orqanizm oksigensiz qalır. Buna görə də həm rentgen, həm KT edilir ki, görünsün vəziyyət tam düzəlib, ya yox. Bu dəyişiklik öz-özünə yox, düzgün müalicə ilə olmalıdır.

Yəni xəstənin müalicəyə necə reaksiya verdiyini analizlərlə müəyyən etmək lazımdır. Amma onu heç mənə məlumat vermədən göndəriblər”.

O qeyd edib ki, müəssisədə münasibət normaldır, amma tibbi imkanlar çox zəifdir:

“İndi məcburam yenidən müraciət edim, analizlərini özüm etdirim, əlavə və alternativ müalicəyə ehtiyac varsa, onu da təşkil edim. Hazırda vəziyyətimiz belədir.

Cəzaçəkmə müəssisəsinin tibbb məntəqəsində təəssüf ki, şərait yoxdur. Münasibət yaxşı ola bilər, hörmətlə davranırlar, amma müəssisənin imkanları məhduddur. Mən istəyirəm ki, keyfiyyətli müalicə olsun. Həkimlərin nə təyin edibsə, alıb aparıram. İndi də həmin müəssisədə dərmanlarını qəbul edir. Müalicə bitəndən sonra analiz olunmalıdır, ehtiyac olsa, yenə dərman alıb aparacağam.

Orada tibbi personal da azdır. Açığı, vəziyyət çox zəifdir. İnsan orada ağırlaşsa, operativ müdaxilə imkanları çox məhduddur. Sadəcə, həmin gün təcili yardım çağırıb vəziyyətdən çıxarıblar. Buna görə minnətdaram. Sonra da etap ediblər.

Nazim Bəydəmirli ora gedənə qədər tam sağlam adam idi. Təbii ki, cəzaçəkmə müəssisəsinin şəraiti ağırdır, rütubətlidir, çox əlverişli deyil. O özü çox şikayət etmirdi. Amma insan evində də xəstələnə bilir, belə yerdə isə risk daha böyükdür”.

Xatırladaq ki, Nazim Bəydəmirli 2023-cü il iyulun 4-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə və təkrar törədildikdə) maddələrilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il həbsə məhkum edilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr