AZ

Tural Gəncəliyev: Bu gün dünya iqtisadiyyatının yeni nəfəsi Orta Dəhlizdən və Azərbaycandan keçir

Bakı, 13 aprel, AZƏRTAC

Mövcud geosiyasi mürəkkəblik fonunda qlobal logistika sistemində ciddi dəyişikliklər baş verir və dünya iqtisadiyyatı faktiki olaraq böhranla üz-üzə qalıb. Bu kontekstdə Azərbaycan yerləşdiyi coğrafiya və oynadığı açar rolu ilə dünya miqyasında diqqət mərkəzinə çevrilib. Xüsusilə dünya iqtisadiyyatının böyük ölçüdə asılı olduğu dəniz marşrutlarında: Yaxın Şərqdə Hörmüz boğazı və Bab əl-Məndəb boğazı ətrafında artan risklər fonunda Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın əhəmiyyəti daha da aydın görünür.

Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev AZƏRTAC-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişdiyi yeganə ölkə kimi Azərbaycan artıq bu proseslərin real nəticələrini hiss edir. Bu gün Bakı hava limanı rekord göstəricilər nümayiş etdirir, Azərbaycanın hava məkanından keçən təyyarələrin sayı tarixdə ilk dəfə olaraq bu qədər artıb. Bu fakt Azərbaycanın iqtisadi və tranzit potensialını bir daha sübut edir.

“Eyni zamanda, Xəzər dənizinin və onun üzərindən keçən nəqliyyat xətlərinin rolu artmaqdadır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanında və digər infrastruktur obyektlərində daşımaların artması göstərir ki, dünya iqtisadiyyatına yeni nəfəs verən əsas istiqamətlərdən biri məhz Orta Dəhlizdir. Bu marşrut qlobal logistika üçün alternativ deyil, artıq zəruri bir xəttə çevrilir. Azərbaycanın bu qlobal kəsişmə nöqtəsi rolunu qoruyub saxlaması ölkənin yalnız geosiyasi və hərbi deyil, həm də iqtisadi baxımdan güclənməsini zəruri edir. Bu baxımdan həm ənənəvi enerji resurslarının istehsalı və ixracı, həm də alternativ enerji mənbələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu, Azərbaycanın rolunun yalnız Xəzər hövzəsi ilə məhdudlaşmadığını, eyni zamanda, Mərkəzi Asiya regionunun resurslarının da Orta Dəhliz vasitəsilə daşınmasına xidmət etdiyini göstərir”, - deyə Tural Gəncəliyev əlavə edib.

O deyib ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu artıq böyük güclərin toqquşma məkanı deyil, əməkdaşlıq platformasına çevrilmək potensialına malikdir. Burada maraqların konfrontasiyası deyil, əməkdaşlıq üstünlük təşkil edir.

“Biz bunu həm regionda, həm də Ermənistanla sülh prosesinə başlamaqla sübut etmişik. Bu yanaşma daha geniş kontekstdə Yaxın Şərqdə və Rusiya-Ukrayna müharibəsi fonunda yaranan riskləri müəyyən qədər neytrallaşdıran bir platforma rolunu oynaya bilər. Orta Dəhliz bütün əsas aktorların maraqlarına cavab verir. Bu marşrut Çin, Avropa İttifaqı, eyni zamanda, Rusiya və İran üçün əhəmiyyətlidir. Şərq-Qərb və Şimal-Cənub marşrutlarının açıq və funksional qalması bütün tərəflərin marağındadır və bu marşrutların mərkəzində məhz Azərbaycan dayanır”, - deyə deputat bildirib.

T.Gəncəliyevin sözlərinə görə, Azərbaycanın bütün əsas güc mərkəzləri ilə balanslı və konstruktiv münasibətlər qurması onun etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. İstər Qərb ölkələri, istər NATO və Avropa İttifaqı, istərsə də Rusiya, İran və Çin kimi dövlətlərlə münasibətlərimizin normal və sabit olması Azərbaycanın etimad və etibarlılıq prinsiplərinə əsaslanan siyasətinin nəticəsidir.

Müxbir – Səbinə Əlizadə

Seçilən
14
2
azertag.az

3Mənbələr