AZ

Dünya Bankı Xəzərin çirklənməsinin monitorinqi üzrə beşillik layihəyə başlayır

Dünya Bankının Direktorlar Şurası 8,243 milyon ABŞ dolları dəyərində "Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının formalaşdırılması" layihəsinin icrasına vəsait ayrılmasını təsdiqləyib.

"Far.Az" Dünya Bankına istinadən xəbər verir ki, layihə maliyyələşməsinin alıcıları Azərbaycan, Qazaxıstan və Türkmənistandır.

Bundan əlavə, layihə Qlobal Ekologiya Fondundan (GEF) 11,743 milyon ABŞ dolları qrant alacaq.

Layihənin icra müddəti beş ildir və əlaqələndirməni BMT-nin Ətraf Mühit Proqramı (UNEP) həyata keçirir. Ekoloji və Sosial Standartlar alətlərinin hazırlanması və ölkələrarası qarşılıqlı əlaqənin qurulması üçün BMT-nin Layihə Xidmətləri Ofisinə (UNOPS) 183 489 ABŞ dolları GEF qrantı ayrılıb.

Dünya Bankının vəsaitləri iki əsas komponent üzrə bölüşdürülüb: çirklənmənin monitorinqinin idarə edilməsi (3,15 milyon dollar) - sistemli yanaşmaların formalaşdırılması və su ehtiyatlarının keyfiyyətinin müqayisəli qiymətləndirilməsinin həyata keçirilməsi, biomüxtəliflik sahəsində planlaşdırmanın idarə edilməsi (4,25 milyon dollar) - mühafizə olunan ərazilərin idarə edilməsinin təkmilləşdirilməsi və populyasiyaların vəziyyətinin izlənilməsi.

Layihə çirklənmənin monitorinqi və nəzarətinin gücləndirilməsini, həmçinin Xəzər dənizinin hədəf bölgələrində qorunan dəniz ərazilərinin idarə edilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Dünyanın bu ən böyük qapalı su hövzəsi planetin bütün daxili sularının təxminən 44 %-ni ehtiva edir və Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla həmsərhəddir. Dünya Bankı qeyd edib ki, Xəzər ekosistemi unikaldır və burada təxminən 400 endemik növ yaşayır, dünya okeanından uzun müddətli təcrid isə zəngin biomüxtəliflik formalaşdırıb.

"Lakin son onilliklərdə dənizdə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Proqnozlara görə, 2100-cü ilə qədər bu göstərici iqlim dəyişikliyi və su ehtiyatlarının təsərrüfat məqsədilə istifadəsi səbəbindən 8-30 metr aşağı düşə bilər" – bankdan qeyd olunub.

Birinci komponent çərçivəsində işlər Xəzər dənizinin ekosisteminə və su ehtiyatlarına maksimum təsir göstərən milli səviyyəli ümumi istiqamətlərdə cəmləşəcək, o cümlədən: şirin su axınından (sutoplayıcı hövzələr və axarlar) yaranan çirklənmənin monitorinqi; dəniz mühafizə ərazilərinin və təbiət qoruqlarının hüdudlarında sahil və dəniz çirklənməsinə nəzarətin gücləndirilməsi; neft və qaz kəşfiyyatı və hasilatı ilə əlaqədar çirklənməyə qarşı mübarizə. Bu mərhələdə dövlət qurumları ilə neft-qaz sənayesi arasında tərəfdaşlıq mexanizmlərinin yaradılmasına texniki yardım göstəriləcək. Məqsəd qabaqcıl dünya təcrübələrinin tətbiq edilməsindən və şirkətlərin istehsalat ekoloji monitorinqi məlumatlarının istifadəsindən ibarətdir.

"Azərbaycanda layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Departamentinə dəniz çirklənməsinin monitorinqi sxeminin hazırlanmasında dəstək göstərəcək. Əsas tədbirlər mövcud təcrübənin təhlilini, monitorinq sxeminin hazırlanmasına yardımı, milli seminarın keçirilməsini və zəruri siyasət alətlərinin hazırlanmasını əhatə edir.

Dənizdə mühafizə olunan ərazilərinə və çay mənsəblərinə təsir edən çirkləndirici maddələrə xüsusi diqqət yetirilməklə, nazirlik əməkdaşlarına təlimlərin keçirilməsi nəzərdə tutulub", - məlumatda bildirilib.

İkinci komponent mühafizə olunan ərazilərin idarə edilməsini təkmilləşdirmək məqsədilə əsas növlər – Xəzər suitiləri və nərəkimilər üzərində cəmləşib. O, populyasiyaların vəziyyəti barədə tövsiyə xarakterindən real hesabatlılığa keçidi təmin edərək, bioloji müxtəlifliyə dair məlumatların toplanması problemlərinin həllinə yönəlib.

"Azərbaycanda flaqman növlərə (Xəzər suitisi, balıqlar, su quşları) diqqət yetirilməklə, Abşeron Milli Parkı hüdudlarında dəniz mühafizə olunan ərazilərinin genişləndirilməsi planlaşdırılır", - Dünya Bankından qeyd olunub.

Seçilən
13
3
far.az

4Mənbələr