AZ

Ursula Fon der Lyayen: Aİ nin ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 aprel, AZƏRTAC

Yaxın Şərqdə münaqişə başlayandan bəri Avropa İttifaqının (Aİ) ənənəvi yanacaq idxalı üzrə xərcləri 22 milyard avrodan çox artıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.

“Yaxın Şərqdəki hadisələr enerji xərclərini artırır, Hörmüz boğazının bağlanması ciddi ziyana səbəb olur. Enerji böhranı Aİ iqtisadiyyatlarına da təsir edir. Bölgədə münaqişə bitsə belə, Körfəzdən enerji təchizatındakı fasilələr bir müddət davam edə bilər”, - deyə o qeyd edib.

Ursula Fon der Lyayen üzv dövlətlərin bazara eyni vaxtda girərək bir-biri ilə rəqabət aparmasının qarşısını almaq üçün Aİ-də təbii qaz anbarlarının doldurulmasının koordinasiyasını araşdırdıqlarını bildirib: “Həmçinin mümkün olan ən böyük təsirə nail olmaq üçün strateji neft ehtiyatlarının istifadəsini koordinasiya edəcəyik. Yüksək enerji qiymətlərindən ən çox təsirlənən ev təsərrüfatlarını və sektorları qorumaq üçün tədbirlər görürük. Bu tədbirlər hədəfli, sürətli və müvəqqəti olmalıdır. Hörmüz boğazının bağlanması vətəndaşlara birbaşa təsir göstərir. Onlar bu təsiri yanacaqdoldurma məntəqələrində, supermarketlərdə və hesablarında hiss edirlər. Bu böhran uzaqda deyil, onun təsirləri birbaşa və dərhal hiss olunur”.

Avrokomissiyanın Prezidenti Aİ-nin son bir neçə ildə ikinci dəfə ənənəvi enerji növləri üzrə böhran yaşadığını deyib: “Həddindən artıq asılılığımıza görə ağır bir bədəl ödəyirik. Ənənəvi yanacaqlar gələcəkdə ən bahalı seçim olaraq qalacaq”.

O, Aİ-nin dekarbonizasiya strategiyasının getdikcə daha vacib hala gəldiyini və məqsədin yerli, əlverişli və etibarlı enerjini artırmaq olduğunu bildirib. Ursula Fon der Lyayen bərpaolunan enerji və nüvə enerjisinin müstəqillik və təhlükəsizlik təmin edəcəyini vurğulayıb.

“Hazırda Avropada elektrik enerjisi istehsalının 70 faizindən çoxu bərpaolunan və nüvə mənbələrindən əldə olunur. Lakin böyük həcmdə təmiz enerji ya istifadə olunmur, ya da israf olunur. Buna görə də saxlama, dayanıqlılıq və şəbəkə bağlantısını sürətləndirməliyik,” - deyə Avrokomissiyanın Prezidenti əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
azertag.az

3Mənbələr