AZ

Hamı istifadə edir, dünyada kəskin azaldı Son 10 ildə beləsi olmamışdı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdəki gərginlik, İran müharibəsi smartfon bazarına da böyük zərər vurub. Belə ki, 2026-cı ilin birinci rübündə yaddaş komponentlərinin çatışmazlığı fonunda qlobal smartfon tədarükləri 6% azalıb. Bu, son 10 ildə smartfon bazarında ən kəskin azalma hesab olunur. Sözügedən vəziyyətin yaxın dövrdə yerli bazara necə təsir edəcəyi də maraq doğurur.

Qlobal bazarda smartfon tədarüklərinin azalması və komponent çatışmazlığı Azərbaycanda telefon qiymətlərinin artmasına səbəb ola bilərmi? Yaxın aylarda yerli bazarda smartfonların qiyməti və əlçatanlığı ilə bağlı hansı dəyişikliklər gözlənilir?

Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, hazırda Azərbaycan bazarı üçün hər hansı ciddi problem yoxdur:

“Digər istehsalçı ölkələrdə azalma və ya qiymət artımı ölkəmizdə ciddi dəyişiklik yaratmır. Son aylarda müəyyən dəyişikliklər gözlənilsə də, qiymət artımı baş versə belə, bu məhsula olan tələbat yüksək olaraq qalır. Hətta bəzi hallarda şəxslər ikinci və ya üçüncü telefon istifadə edirlər. Bu isə onu göstərir ki, qiymətindən asılı olmayaraq, telefonlara Azərbaycan bazarında tələbat var. İdxal və gömrük rüsumlarının artması da bu məhsula olan marağı azaltmır”.

Günay Hüseynova

İqtisadçı bildirib ki, qiymətlərin tənzimlənməsi və tələbatın daha dəqiq müəyyənləşdirilməsi üçün telefon alışlarının qeydiyyata alınması məqsədəuyğundur:

“Məsələn, şəxs telefon aldıqda bu məlumatın “myGov” tətbiqi vasitəsilə inteqrasiya olunması mümkündür. Həmin sistemdə şəxsin aldığı telefonlar, alış tarixi və digər göstəricilər əks oluna bilər. Bu cür inteqrasiya həm də vergidən yayınmanın qarşısını ala bilər. Məsələn, sistemdə şəxsin aylıq gəliri 400 manat göstərildiyi halda, aldığı telefonun qiyməti 3500 manatdırsa, bu, qeyri-rəsmi gəlirlərin və ya vergidən yayınma hallarının aşkarlanmasına imkan yaradır”.

Ekspertin sözlərinə görə, yaxın aylarda yerli bazarda qiymət və əlçatanlıq baxımından ciddi dəyişiklik gözlənilmir:

“Mövcud şəraitdə yaxın dövrdə əlavə qiymət artımı ehtimalı çox aşağıdır. Lakin payız aylarında, xüsusilə sentyabr-oktyabr dövründə qiymət artımı daha çox müşahidə oluna bilər. Bu, tədris ilinin başlanması ilə əlaqədar olaraq abituriyentlər və tələbələr arasında telefonlara tələbatın artması ilə bağlıdır”.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr