Ölkədə doğulan körpələrin cins nisbətində müşahidə olunan fərqlər müəyyən narahatlıqlar doğurur.
Mövzu ilə bağlı iqtisadçı ekspert İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, “Əslinə baxanda, ölkədə doğulan körpələrin cins nisbətinin iki problem üzərindən dəyişkən olduğunu diqqətə gətirmək olar. Birincisi, bu təbii seçim nəticəsində baş verə bilən fərq kimi görünə bilər. İkinci isə qeyri-təbii, yəni selektiv müdaxilənin nəticəsi olaraq qız uşaqlarının az doğulmasına, oğlan uşaqlarının isə çox doğulmasına səbəb ola bilər.”
Ekspert qeyd edib ki, “Son illər qız uşaqlarına qarşı doğum prosesi zamanı öncədən cinsiyyətin müəyyənləşdirilməsi halları müşahidə olunur və adətən ailələrində ardıcıl olaraq qız övladları olan ailələr, yaxud bir qızı olub ikinci övlad olaraq oğlan istəyən və maksimum iki övlada sahib olmaq istəyən ailələr selektiv abortlara üstünlük verirlər. Bu proses o vaxta qədər davam edir ki, oğlan övladı dünyaya gəlsin.”
Onun sözlərinə görə, “Əlli üç faiz və qırx altı faiz arasındakı fərqi müəyyən qədər selektiv abortların təsiri kimi qiymətləndirmək olar. Bu isə gələcəkdə demoqrafik tarazlığın pozulmasına səbəb olacaq. Məsələn, bu gün doğulan uşaqların 25-30 il sonra ailə qurmaq dövründə oğlanların sayının çox, qızların isə az olması ilə qarşılaşacağıq.”
İlqar Hüseynli vurğulayıb ki, “Bu vəziyyət ölkədə ailə qurmaq imkanlarına təsir göstərəcək və əhalinin artım tempinə ciddi maneələr yarada bilər. Eyni zamanda genetik baxımdan da risklidir. Çünki cins balansının pozulması genofondun zədələnməsinə gətirib çıxara bilər.”
Ekspert əlavə edib ki, “Selektiv abortların heç bir üstünlüyü yoxdur və bu halların qarşısının alınması üçün qəti mövqe ortaya qoyulmalı və ciddi tədbirlər görülməlidir. Əks halda bu proses ölkədə təbii demoqrafiyanın və genetik balansın pozulmasına səbəb olacaq.”
Zəhra Ağayeva