AZ

Yaponiya Ayın ətrafında "Günəş halqası" qurmağı planlaşdırır  

Yaponiyanın "Shimizu" tikinti korporasiyası bəşəriyyəti sonsuz enerji ilə təmin edə biləcək futuristik layihə – "Ay halqası" (Luna Ring) ideyasını təklif edir. Layihənin əsas məqsədi Ayın ekvatoru boyunca 11 min kilometr uzunluğunda nəhəng günəş panelləri kəməri inşa etməkdir.

Niyə məhz Ay? Şirkət mütəxəssislərinin fikrincə, Yerdəki günəş panelləri kosmosdakı analoqları ilə müqayisədə 20 dəfə az səmərəlidir. Ayda atmosferin, buludların olmaması və əlverişli coğrafi mövqe günəş enerjisini fasiləsiz toplamağa imkan verir.

Toplanan günəş enerjisi Ayın ekvatorundakı stansiyalarda elektrik enerjisinə çevriləcək və Ayın görünən tərəfindən Yerə güclü mikrodalğalar və lazer şüaları vasitəsilə ötürüləcək. Yerdəki qəbuledici stansiyalar isə bu şüaları yenidən elektrik enerjisinə çevirərək şəbəkəyə ötürəcək.

2011-ci ildə baş vermiş Fukuşima qəzasından sonra alternativ enerji axtarışlarını sürətləndirən Yaponiya üçün bu layihə strateji əhəmiyyət kəsb edir. Tikinti işlərinin Yerdən idarə olunan robotlar və azsaylı astronavt qrupu tərəfindən həyata keçirilməsi planlaşdırılır. Şirkət rəhbəri Tetsuci Yoşida bildirir ki, bu sistem reallaşarsa, bəşəriyyətin neft, kömür və qazdan asılılığına tamamilə son qoyula bilər.

Layihə nəzəri cəhətdən mükəmməl görünsə də, ekspertlər onun icrası üçün astronomik məbləğdə vəsait tələb olunduğunu vurğulayırlar. Yaponiya Enerji İqtisadiyyatı İnstitutunun iqtisadçısı Masanori Komori qeyd edir ki, ideya cəlbedici olsa da, hazırkı texnoloji və iqtisadi şərtlər daxilində onun reallaşdırılması olduqca baha başa gəlir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr