ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Binalarda qarajların olmaması və vətəndaşların avtomobillərini səkilərdə və yol kənarlarında saxlaması şəhər infrastrukturunda yaranan əsas problemlərdən biridir. Bu vəziyyət xüsusilə böyük şəhərlərdə nəqliyyat axınının düzgün təşkilinə təsir göstərir. Son illərdə avtomobil sayının sürətlə artması mövcud parkinq imkanlarının yetərsizliyini daha da qabarıq şəkildə ortaya çıxarıb.Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Bakı şəhərində bir vaxtlar aparılan xaotik tikintilər paytaxtın həddindən artıq yüklənməsinə səbəb olub:"Xüsusilə şəhər mərkəzində ucaldılan çoxmərtəbəli binaların inşası zamanı bir çox vacib məqamlar, o cümlədən sakinlərin avtomobillərini saxlamaq üçün yetərli yerlərin olması nəzərə alınmayıb. Yeni binaların əksəriyyətinin altında bir və ya iki mərtəbəli qarajlar olsa da, bu yerlər bütün sakinlərin avtomobilləri üçün kifayət etmir. Parklanma sahəsindəki cari vəziyyət son illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş parklanma yerləri ilə bağlı yeni tendensiya yaranıb".Deputat bildirib ki, sakinlər axşam saatlarında avtomobillərini bina yaxınlığında saxlamaq üçün ödəniş etməli olurlar:"Lakin bu yerlərin də məhdudluğu ciddi çətinliklər yaradır. Nəticədə bəzi sürücülər avtomobillərini səkilərdə saxlayır ki, bu da həm ciddi cərimələrə, həm də ətrafdakı insanların narazılığına səbəb olur. Həll yolları və təkliflər mövzusunda isə problemin kökündə vaxtilə planlaşdırmanın düzgün aparılmaması dayanır. Bu vəziyyətdən çıxış yolu olaraq bir neçə addım təklif olunur: hündürmərtəbəli qarajların tikintisi, şəhər rəhbərliyinin müdaxiləsi və sıxlığın azaldılması üçün kompleks tədbirlər. Gələcəkdə binaların tam məskunlaşması ilə parklanma və kommunal problemlərin daha da kəskinləşəcəyini nəzərə alaraq, indidən əlçatan qiymətlərlə əlverişli saxlanc yerlərinin yaradılması istiqamətində ciddi addımlar atılmalıdır".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.