AZ

Əli Səlimov: Hörmüz boğazının blokadası ilə bağlı bəyanatlar beynəlxalq enerji bazarlarında böhran risklərini yenidən aktuallaşdırır

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“ABŞ prezidenti Donald Tramp tərəfindən 12 aprel 2026-cı il tarixində Hörmüz boğazı ilə bağlı səsləndirilən sərt bəyanatlar beynəlxalq enerji bazarlarında ciddi geosiyasi siqnal kimi qiymətləndirilə bilər. Açıqlamalarda Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı blokada tətbiq olunacağı ilə bağlı kəskin ifadələrin yer alması və blokadanın 13 aprel tarixindən etibarən başlanacağı barədə iddialar enerji bazarlarında risk faktorunun artması kimi qəbul edilir. Brent markalı neftin qiymətinin 100 ABŞ dollarını keçməsi enerji bazarlarında qeyri-müəyyənliyi daha da gücləndirmişdir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, strateji enerji keçidi olan Hörmüz boğazı dünya neft daşımalarının təxminən 20 faizinin həyata keçirildiyi əsas marşrutlardan biridir: “Burada yaranan hər hansı təhlükəsizlik riski qlobal enerji sistemi üçün ciddi həssaslıq yaradır. Nəticədə neft bazarlarında dalğalanmalar artır, qiymət gözləntiləri yüksəlir və risklər genişlənir. Bu tendensiya xüsusilə beynəlxalq ticarət və enerji logistikasında gözləntilərə əsaslanan qərarların gücləndiyini göstərir.

Azərbaycan üçün neft qiymətlərinin yüksəlməsi ölkənin ixrac gəlirlərini artıraraq qısamüddətli fiskal genişlənmə imkanı yaradır. 2026-cı il dövlət büdcəsində neftin qiyməti təxminən 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Mövcud bazar qiymətlərinin daha yüksək olması büdcə gəlirlərində əlavə artım potensialı yaradır və Dövlət Neft Fonduna transferlərin genişlənməsinə şərait yaradır. Bu əlavə gəlirlər fiskal ehtiyatların gücləndirilməsi, strateji valyuta rezervlərinin artırılması və dövlət investisiya xərclərinin daha çevik maliyyələşdirilməsi üçün imkanlar formalaşdıracaq. Eyni zamanda, yaranan əlavə resurslar infrastruktur layihələrinin genişləndirilməsi və sosial xərclərin dayanıqlı şəkildə maliyyələşdirilməsi baxımından da mühüm üstünlük yaradacaq”.

İqtisadçı hesab edir ki, Azərbaycanın Hörmüz boğazından birbaşa asılı olmaması və Bakı–Tbilisi–Ceyhan neft boru kəməri vasitəsilə ixrac imkanlarına sahib olması ölkənin enerji təhlükəsizliyi baxımından mühüm strateji üstünlükdür: “Bu boru kəməri Azərbaycanın beynəlxalq bazarlara çıxışını sabitləşdirən əsas infrastruktur elementi kimi çıxış edir və ixrac marşrutlarının şaxələndirilməsinə xidmət edir. Nəticə etibarilə, enerji sektorunda risklərin daha balanslı idarə olunması və xarici şoklara qarşı dayanıqlılığın artırılması mümkün olur.

Bununla yanaşı, bu cür qiymət artımları geoiqtisadi baxımdan diversifikasiya proseslərinin sürətləndirilməsi üçün əlavə maliyyə imkanları yaradır. Yüksək neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilə biləcək investisiya resurslarını genişləndirəcəkdir. Bu isə uzunmüddətli perspektivdə iqtisadiyyatın neftdən asılılığının tədricən azaldılması üçün mühüm platforma formalaşdırır.

Bununla belə, geosiyasi gərginliklərin uzunmüddətli davam etməsi beynəlxalq iqtisadi aktivliyi zəiflədə və enerji tələbatında azalma yarada bilər. Belə şəraitdə ilkin mərhələdə müşahidə olunan qiymət artımlarının sonrakı mərhələdə tədricən zəifləməsi və ya qiymətlərin aşağıya doğru enməsi ehtimalı artır ki, bu da enerji ixracından asılı iqtisadiyyatlar üçün əlavə qeyri-müəyyənlik formalaşdıracaq.

Ümumilikdə, Hörmüz boğazının blokadası ilə bağlı bəyanatlar beynəlxalq enerji bazarlarında böhran risklərini yenidən aktuallaşdırır. Azərbaycan üçün isə bu proses bir tərəfdən artan neft gəlirləri hesabına iqtisadi manevr imkanlarını genişləndirir, digər tərəfdən isə əldə olunan resursların diversifikasiya və dayanıqlı iqtisadi inkişaf istiqamətində səmərəli yönləndirilməsini daha da vacib edir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
11
bizimyol.info

10Mənbələr