Bizimyol saytına istinadən ain.az xəbər verir.
Bakıda inşa etdiyi çoxmərtəbəli binalarda eyni mənzilləri müxtəlif alıcılara satmaqla 300-ə yaxın vətəndaşı aldatmaqda ittiham olunan “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevin adı yenidən əmlak qalmaqalında hallanır.
Bizimyol.info xəbər verir ki, bu dəfə Rauf Əliyev 6 il əvvəl satdığı əmlakı hazırkı qanuni sahibindən geri almağa cəhddə təqsirləndirilir. Bu barədə əmlakın sahibi Bilal Hacıyev məlumat verib. O, həmçinin başına gələnlərlə bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə də açıq məktub yazıb. Məktubunda göstərib ki, 2020-ci ildə Rauf Əliyevdən qanuni yolla əldə etdiyi əmlakla bağlı 4 ildir ki, məhkəmə çəkişməsi gedir.
Bilal Hacıyevin rəhbərlik etdiyi “Cons Tikinti” MMC tərəfindən Nizami rayonu ərazisində - Mehdi Abbasov 2538 ünvanında yerləşən iki qeyri-yaşayış sahəsi Rauf Əliyevdən (onun etibarnamə verdiyi Xəqani Əzimovun vasitəçiliyi ilə) alınıb. Qanuna uyğun şəkildə notariusda alqı-satqı müqavilələri bağlanıb. Daha sonra Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti bu qeyri-yaşayış sahələrinin Bilal Hacıyevin mülkiyyətində olduğunu təsdiqləyən çıxarışlar verib.
Əmlakı etibarnamə ilə satan X.Əzimov vəfat edəndən sonra problem yaranıb. Etibarnaməni ona verən Rauf Əliyevin valideynləri iddia qaldırıb ki, bu əmlaklar əslində, onların mülkiyyətində idi. İddia ediblər ki, onlar öz övladlarına əmlakla bağlı əməliyyatları həyata keçirmək üçün tamhüquqlu etibarnamə veriblər. Övladları da həmin həmin etibarnamə əsasında başqa birinə - Xaqani Əzimova etibarnamə verib. Yəni əmlakları onların özündən xəbərsiz satılıb. Bu əsasla da məhkəmədə iddia qaldıraraq, əmlakların geri qaytarılmasını tələb ediblər.
Rauf Əliyev və valideynləri əvvəl Bilal Hacıyevə qarşı şikayətlə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Lakin bu idarədə məsələ araşdırılandan sonra rəsmi şəkildə onlara bildirilib ki, Bilal Hacıyevin əməlində dələduzluq cinayətinin tərkib əlamətləri yoxdur. Onun qanunsuz əməl törətməsi faktı öz təsdiqini tapmayıb. Bundan sonra isə onlar məhkəmədə iddia qaldırıblar.
“Rauf Əliyevin niyyəti kifayət qədər aydındır. Bu baxımdan, illərlə davam edən məhkəmə çəkişməsi belə məntiqsiz görünür. Axı valideynlər etibarnamə ilə öz övladları Rauf Əliyevə əmlakla bağlı bütün hüquqları – satmaq, özgəninkiləşdirmək və digər əməliyyatları aparmaq səlahiyyətini veriblər. Bu halda hansı “aldadılmadan” söhbət gedə bilər? Alqı-satqı notarius tərəfindən təsdiqlənib, əmlaka rəsmi çıxarış verilib”, - Bilal Hacıyev bildirib.
İstər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi iddianın əsassız olduğu qənaətinə gələrək, onu təmin etməyib. İş Ali Məhkəməyə qədər gedib çıxıb. Ali məhkəmə də Bilal Hacıyevin qanuni şəkildə əmlakın sahibi olduğunu təsdiqləyib və onun adına verilmiş çıxarışı qüvvədə saxlayıb. Lakin Rauf Əliyev bununla razılaşmayıb. O, yenidən məhkəməyə müraciət edib. Bu dəfə bildirib ki, “həmin mübahisəli əmlak ondan dələduzluq yolu ilə alınıb və nəticədə ona 4 milyon 860 min manat ziyan dəyib”.
Yenə də aşağı instansiya məhkəmələri iddianı rədd edib. Lakin Ali Məhkəmə işi apellyasiya instansiyasına geri qaytarıb. Üç hüquqi suala aydınlıq gətirilməsini istəyib.
Bilal Hacıyev isə özünə qarşı irəli sürülən bu ittihamın tam əsassız və paradoksal olduğunu vurğulayır: “Rauf Əliyev 270 adama qarşı dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. İnsanlara milyonlarla ziyan vurub. Onun əməlləri ilə bağlı uzun illər Korrupsiyaya Qarşı Mübarizə İdarəsində, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma gedib, hökm çıxarılıb.
Rauf Əliyev Bakının mərkəzində inşa etdiyi çoxmərtəbəli binaların üzərinə qanunsuz olaraq əlavə mərtəbələr də inşa edib. Bu açıq-aşkar qanun pozuntusu necə baş verib? Bu gün adi bir vətəndaş həyətində kiçik tikinti aparmaq istəsə belə, dərhal müxtəlif dövlət qurumlarının müdaxiləsi ilə qarşılaşır. Bəs necə olur ki, bu şəxs paytaxtın bahalı ərazilərində – “Neftçilər” metrostansiyası yaxınlığında (Mehdi Abbasov küçəsi 22/58) və Yasamal rayonunda (A.M. Şərifzadə küçəsi 33) tikdiyi binalara əlavə mərtəbələr artırıb? Üstəlik, həmin mənzillərin bəzilərini bir neçə şəxsə satıb, payçıların əmlakını mənimsəyib, insanları illərlə kirayələrdə saxlasa da, layiqli cəza almayıb?”
Məhkəmədə Rauf Əliyev Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinsə də, dövlət ittihamçısı onun barəsində 13 il azadlıqdan məhrumetmə cəzası tələb etsə də, nəticədə ona 2 il şərti cəza verilib.
Bilal Hacıyevlə Rauf Əliyev arasındakı əmlak qalmaqalı hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır. Məhkəmə belə bir sual qoyub: 6 il əvvəl 727 min 600 manata satılmış obyektin hazırkı bazar dəyəri nə qədərdir? Bu məqsədlə Auditorlar Palatasına sorğu göndərilib və audit qurumu obyektin indiki bazar qiymətini hesablayıb.
Ali Məhkəmənin qərarında qeyd olunub ki, bağlanmış müqavilələrin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur və hər hansı dələduzluq faktı müəyyən edilməyib.
Bilal Hacıyev isə bildirir ki, o, qanuni mübarizəsini davam etdirəcək. Artıq məsələ ilə bağlı Prezident Aparatına, Auditorlar Palatasına şikayət ərizələrini yönləndirib. Onun sözlərinə görə, ölkədə Prezidentin sərəncamına əsasən “Şəhərsalma ili”nin elan edildiyi, beynəlxalq şəhərsalma forumlarının keçirildiyi bir dövrdə bu sahədə qanunsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması daha da aktuallaşmalıdır: “Əks halda, şəhərsalma sahəsində xaosun dərinləşməsi, qanunsuz tikintilərin artması və vətəndaş hüquqlarının pozulması qaçılmaz olacaq”.
Bilal Hacıyev ümid edir ki, aidiyyəti dövlət qurumları və məhkəmə instansiyaları məsələyə obyektiv və qanun çərçivəsində yanaşaraq hüququn aliliyini təmin edəcəklər.
Aytən, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.