AZ

“Dövlət satınalmalarının 30%-nin icra olunmaması çox böyük rəqəmdir” - Xalid Kərimli

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat müzakirə olunub. Hesabatı təqdim edən Palata sədri Vüqar Gülməmmədov dövlət satınalmalarında ciddi problemlərin olduğunu bildirib. 

İqtisadçı Xalid Kərimli dövlət satınalmalarının icrası və büdcə xərcləmələri ilə bağlı fikirlərini QHT.az-a açıqlamasında bildirib.

X.Kərimlinin sözlərinə görə, dövlət satınalmalarında icra olunmama səviyyəsinin yüksək olması ciddi problemdir. O bildirib ki, “dövlət satın almalarının otuz faizinin icra olunmaması çox böyük rəqəmdir” və bu vəziyyətin ya planlaşdırma səhvlərindən, ya da icra qabiliyyətinin zəifliyindən qaynaqlandığını qeyd edib. İqtisadçı vurğulayıb ki, bu hal ehtiyacların düzgün müəyyənləşdirilməməsi və layihələrin icrasında çətinliklərin olması ilə bağlı ola bilər.

İqtisadçı əlavə edib ki, belə böyük kənarlaşmalar büdcə intizamı və idarəetmə keyfiyyəti baxımından problemlərə işarə edir.

Xalid Kərimli bildirib ki, “ilin son rübünə yönəlmə və tələm-tələsik xərcləmələr iqtisadi səmərəsizliyə gətirib çıxarır”. Onun sözlərinə görə, bu praktika bazarda qiymətlərin süni şəkildə artmasına, xərcləmələrin keyfiyyətinin aşağı düşməsinə və ümumi planlaşdırmada pozuntulara səbəb olur.

İqtisadçı qeyd edib ki, ilin sonunda vəsaitlərin sürətlə xərclənməsi həm dövlət, həm də özəl sektor üçün planlama çətinlikləri yaradır və iqtisadi proseslərin normal axınını pozur.

X.Kərimli həmçinin vurğulayıb ki, mövcud vəziyyət dövlət satınalmalarında nəzarət mexanizmlərinin zəif işlədiyini göstərir. Onun sözlərinə görə, formal qaydaların mövcud olmasına baxmayaraq, onların icrası və effektivliyi kifayət qədər təmin olunmur.

Sonda iqtisadçı qeyd edib ki, büdcə planlaşdırılması, nəzarət sistemi və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində islahatlara ehtiyac var.

Fatimə Nəbiyeva

Seçilən
21
qht.az

1Mənbələr