Bakı, 13 aprel, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, könlüm Zəngəzurda” düşərgəsi başa çatıb.
"Böyük Qayıdış" Gənclər Təşkilatından AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi Böyük Qayıdışa və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən dirçəliş prosesinə töhfə vermək istəyən Qarabağ və Şərqi Zəngəzur regionlarından olan gənclərin şəbəkələşməsini artırmaq, birlik və həmrəyliklərini gücləndirmək, onların təşəbbüskarlığını dəstəkləmək və bərpa-quruculuq prosesinə dair innovativ ideyalarını bir araya gətirməkdən ibarət olub.
Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ və Şərqi Zəngəzur regionundan olan 65 gəncin iştirakı ilə keçirilən və 4 gün davam edən düşərgədə gənclər “Dəmir Yumruq”, “8 Noyabr”, “Xarıbülbül”, “Zəfər” və “Qayıdış” adlı komandalar üzrə qruplaşdırılıblar. Düşərgə proqramı çərçivəsində gənclər üçün Vətən müharibəsi qazilərinin iştirakı ilə görüş, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, işğaldan azad edilmiş ərazilərdə könüllülük fəaliyyəti ilə bağlı infosessiyalar, tematik vörkşoplar, intellektual və komanda inkişafına yönəlmiş oyunlar, interaktiv təlimlər, həmçinin ekskursiyalar, asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif özfəaliyyətlər, musiqili-əyləncəli proqramlar və idman yarışları həyata keçirilib.
Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün ölkəmizin mədəni mərkəzləri olan Şuşa və Xankəndi şəhərlərinə ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı gənclər Qarabağın qədim və zəngin mədəni-tarixi irsi ilə yaxından tanış olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini və şəhərlərimizin dirçəlişini yerində müşahidə ediblər. Bu ekskursiya gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə yanaşı, onlarda bölgənin gələcək inkişaf perspektivləri barədə real təsəvvürlərin formalaşmasına da xidmət edib. Şəhərlərin müasir siması və davam edən sürətli inkişaf prosesi düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.