AZ

Mələklər dedi ki, yoldaşın sənə xəyanət edir Bakıda arvadını öldürən kişinin ŞOK CİNAYƏTİ

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

CİNAYƏT İŞİ

Qısa arayış...

2025-ci il aprelin 7-də Bakının Suraxanı rayonunda qətl hadisəsi olur. Belə ki, polisə zəng edən vətəndaş Ramal Manafov bir kişinin qadını bıçaqlaması və Təcili Tibbi Yardım briqadasını çağırmağa icazə verməməsi barədə məlumat verib.Daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə yollanıb. “Baxış keçirilməsi” protokolundan görünüb ki, hadisə Qaraçuxur qəsəbəsində polis şöbəsinin qarşısında yerləşən "Neftçilər" parkında baş verib. Parkın sol tərəfində, yerdə Quba rayonun Alekseyevka kəndində qeydiyyatda olan 1986-cı il təvəllüdlü Sevinc Məhərrəmovanın meyiti aşkar edilib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.İstintaqla müəyyən edilib ki, Natiq Məhərrəmov arvadı Sevinc Məhərrəmovanın hər hansı sübut olmadan dünyaya gətirdiyi övladının başqa kişidən olmasını güman edərək, onu öldürmək qərarına gəlib. Buna görə də Natiq aprelin 7-i saat 18 radələrində Qaraçuxur qəsəbəsindəki yaşadığı evdən götürdüyü məişət təyinatlı bıçağı şalvarına qoyub, yoldaşına hava almaq bəhanəsi ilə “Neftçilər” parkına getməyi təklif edib. Oturacaqda özündən sağ tərəfdə əyləşmiş Sevinc Məhərrəmovaya ilk zərbələri vuran kimi, qadın qışqıraraq qaçmağa çalışıb. Amma Natiq Məhərrəmov çataraq onu yerə yıxıb və cinayətkar niyyətini başa çatdırmaqdan ötrü, yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə rəhmsizliklə yoldaşının bədənin müxtəlif nahiyyələrinə ümumilkidə bıçaqla 21 dəfə zərbə vurub. Nəticədə qadın ölüb.

Məhkəmə iclasında Natiq Məhərrəmov bildirib ki, Sevinclə 2009-cu ildə evlənib, 2012-ci ildə birinci övladları olan Zakir dünyaya gəlib. Əvvəllər “N” saylı hərbi hissədə zabit olub, son illər fərdi qaydada usta işləyib:

“Özüm və arvadım namaz qılırdıq. Dəli deyiləm, bütün hadisələrin üstünün açılmasında mənə mələklər kömək edib. Mələklər “seçilmiş şəxs” olduğumu, yoldaşımın mənə xəyanət etdiyini dedilər. Elnur və Ceyhun adlı şəxslərlə uşaqlıqdan bir məhəllədə böyümüşük. Sevincin mənə xəyanət etməsinə dair heç bir sübutum yoxdur, sadəcə telefonunda yad nömrələr görmüşəm. Elnurla bağlı şübhələrim 2013-cü ildə yaranıb. 2015-ci ildə öldürmək məqsədi ilə tanışımın üzərinə bıçaq çıxardım. 2023-cü ildə böyüdükcə, kiçik oğlum Əzizin mənə oxşamadığını gördüm. Aprelin 7-də parkda arvadıma 4-5 bıçaq zərbəsi vurduğumu düşünsəm də, sonradan ona 15-dən artıq zərbə dəydiyini öyrəndim. 102 mərkəzinə zəng edən Ramal Manafovu hadisə yerində görməmişdim. Bir yaşlı kişi arvadıma kömək etmək istəyəndə, bıçağı göstərib, uzaqlaşmasını tələb etdi. Həmin şəxsə “bu qadın ölməlidir” dedim. Axırıncı zərbəni Sevincin boğaz nahiyəsinə vurmuşam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Almurad Yunusov ifadəsində göstərib ki, ailə quran vaxtdan Natiq bacısına əzab verib, doğmaları ilə telefonla danışmağa icazə verməyib:

“Aprelin 7-də Natiq uydurduğu bəhanəni əsas gətirərək istirahət parkında, insanların gözləri önündə bacımı vəhşicəsinə öldürdü”.Şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası Sonaver Məhərrəmova ifadəsində göstərib ki, gəlini Sevinc onun bacısının nəvəsi olub:

“Aralarında tez-tez mübahisə yaransa da, 2024-cü ilə qədər ailədə xəyanətlə bağlı söhbət olmayıb. Hadisə günü oğlumla gəlinim parka gəzməyə gediblər. Onlara tez qayıtmalarını və çay süfrəsi hazırlayacağımı dedim. Bir müddətdən sonra böyük oğlum hadisə barədə mənə məlumat verdi. Hheç zaman Natiqin Sevinci öldürməsini dəstəkləməmişik”.

Kompleks məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən, Natiq Məhərrəmov anlaqlı hesab edilib.Prokuror təqsirləndirilən şəxsə 19 il 6 ay cəza təyin edilməsini istəyib.Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini müdafiə mövqeyi kimi dəyərləndirib. Belə ki, Natiq Məhərrəmovun anasından başqa, dindirilmiş bütün neytral şahidlər Sevinc Məhərrəmovanı yalnız müsbət cəhətdən xarakterizə edərək qadının hər hansı başqa kişi ilə münasibətinin olmasını təkzib ediblər. Zərərçəkmişin xəyanət etməsi barədə təqsirləndirilən şəxsin iddiası da yalnız ehtimallara əsaslanıb. DİN Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olan genetik ekspertizanın rəyinə görə, Natiq Məhərrəmov 99% ehtimalla övladlarının bioloji atası hesab edilib.

Məhkəmə qənaətə gəlib ki, Natiq Məhərrəmova elan edilmiş Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsi ittihamdan xaric edilməlidir. O, CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələrinin sanksiyasında qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Natiq Məhərrəmov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
lent.az

1Mənbələr