AZ

Azərbaycan üçün MÜHÜM proqnoz – Bu ildən artım...

2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının orta hesabla 1,9 % artacağı gözlənilir. Bu rəqəmlər Asiya İnkişaf Bankının proqnozlarında əks olunub. Belə ki, ölkədə ÜDM-nin 2026-cı ildə 2 %, 2027-ci ildə isə 1,8 % artacağı gözlənilir. 

Ekspertlərə görə, göstərilən 2 faizə yaxın artım zəifdir. İnkişaf etmiş ölkələrdə 2 faiz normal artım tempi sayılır, lakin inkişaf etməkdə olan ölkələrdə bu rəqəmlərin 2.5-3 faizdən daha yuxarı olması məsləhətlidir. Bu Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun tövsiyyələrindədə qeyd olunur.

vusale_ahmedova2.jpg

İqtisaçı alim Vüsalə Əhmədova hesab edir ki, açıqlanan rəqəmləri real hesab etmək olar. Musavat.com-a şərhində o bildirib ki, beynəlxalq qurumların hesabatlarındakı bir-birlərinə yaxın rəqəmləri nəzərə aldıqda 2%-dək artımı orta göstərici kimi qəbul etmək olar: “Məsələn, Dünya Bankı 2026-cı ildə 1.8%, Avropa Yenidənqurma və İnkişaf Bankı isə təqribən 2.5%-lik artım proqnozlaşdırıb. Lakin, 2%-ə yaxın artım bərpa hesab edilə bilməz. Çünki, 2024-cü ildəki piklə (4%) müqayisədə bu, potensialdan aşağı bir göstəricidir. Məsələn, 4-5%-lik artım bərpa sayıla bilərdi. Ümumilikdə isə, 2026-cı ildə kəskin eniş olmayacaq, makro sabitlik qorunacaq, inflyasiya nəzarətdə olacaq”.

Aşağı artım tempinin səbəblərdən bəhs edən ekspert vurğulayıb ki, əsas səbəb neft-qaz sektorunda 2025-ci ildəki daralmadır: “Digər tərəfdən də qeyri-neft sektoru sürətli böyümə rejiminə keçməyib. Daha ətraflı izah etsək, iqtisadiyyat üç mənbədən böyüyür. Bunlar əmək, kapital və məhsuldarlıqdır. Hazırda ölkəmizdə əmək artımı məhduddur, neft investisiyası pikdən keçib artıq, məhsuldarlıq artımı zəifdir. Neft hasilatı çoxalmır, əksinə azalır, yeni böyük yataqlar yoxdur. Qeyri-neft sektoru daxili yönümlüdür, yalnız tikinti sektorunda artım müşahidə olunur. İxrac yönümlü sənaye, texnologiya aşağı səviyyədədir. İqtisadiyyatda dövlət dominantdır. İqtisadiyyatın böyük hissəsi dövlət investisiyaları, dövlət sifarişləri, dövlət şirkətləri ilə işləyir. Artımın 4-5%-ə çıxması üçün ixrac yönümlü sənaye inkişaf etdirilməli, özəl sektor gücləndirilməli, rəqabət mühiti formalaşdırılmalı, texnologiya və innovasiyalar təşviq edilməlidir. Məsələn, Gürcüstanda 5-6%-lik artım müşahidə olunur. Azərbaycanda neft sektoru dominant, dövlət investisiyaları əsas drayver olduğu halda, Gürcüstanda turizm, logistika, maliyyə xidmətləri dominantdır, açıq iqtisadiyyat yəni, özəl sektor əsas drayverdir. Qısası, daha açıq, daha rəqabətli, daha diversifikasiya olunmuş iqtisadiyyatlar daha sürətli böyüyür”.

Nigar Həsənli
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr