ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında tətbiq edilən blokadanın yarılması istiqamətində əldə olunan son nəticələri açıqlayıb.
KONKRET.az xəbər verir ki, dövlət başçısı özünə məxsus “Truth Social” platformasında bölgədəki dəniz hərəkətliliyi ilə bağlı mühüm rəqəmlər paylaşıb.
Trampın sözlərinə görə, ötən gün strateji əhəmiyyətli boğazdan rekord sayda gəmi keçidi qeydə alınıb:
“Dünən Hörmüz boğazından 34 gəmi keçib. Bu, həmin düşüncəsiz blokadanın başlanmasından bəri bu günə qədər qeydə alınan ən yüksək göstəricidir.”
ABŞ prezidenti bu açıqlaması ilə İranın boğazı bağlamaq cəhdlərinin uğursuzluğa düçar olduğunu və beynəlxalq dəniz ticarətinin ABŞ-ın hərbi dəstəyi ilə bərpa edildiyini nümayiş etdirib. Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki 15-dən çox gəmisi bu keçidlərin təhlükəsizliyini təmin edir.
Ekspertlər hesab edirlər ki, 34 gəminin bir gündə keçməsi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi hərbi təzyiqin effektivliyinin göstəricisidir. Hazırda Hörmüz boğazı və ətraf sularda gərginlik pik həddədir və ABŞ qüvvələri istənilən provokasiyaya qarşı hazır vəziyyətdə dayanıb.
Natiq Səlim,
KONKRET.az