AZ

Başladı...

ABŞ İrana “uranı təhvil ver, aparaq” şərti qoçuların Sərvərə “aç qapını, gələk səni öldürək” hədəsinə bənzəyir; nə qədər ki, danışıqlarda mollalar əba altındakı çomağını, amerikalılar isə “savaş baltalarını” yerə qoymayıblar...

Qədim dövlətçilik önənələri ilə həmişə fəxr edən İranın diplomatiyası onun “şikəst tərəfi” kimi qalmaqdadır. Xüsusilə 1979-cu il inqilabından sonra İranın xarici siyasətində radikal dəyişikliklər baş verdi, əsas diqqət İslam dəyərlərinin yayılmasına və xarici təsirlərlə mübarizəyə yönəldi. 2000-ci ildə isə İran “bərabər diplomatiya” konsepsiyasını elan etdi. Yəni İran istənilən dövlətlə ancaq bərabər şərtlər daxilində masaya oturmaq hüququnu bəyan etdi. Son 20 illik İran diplomatiyasında əsas xətt isə nüvə proqramı üzrə danışıqlardır.

Picture

Pakistanda üstüstə 21 saat davam edən danışıqların əsas mövzusu da İranın nüvə proqramı olub. Müharibəni dayandırıb, iki gün sonra diplomatları önə verməklə fövqəladə və ya uğurlu nəticə əldə edilməsini gözləmək də sadəlövlük olardı. Amma müharibəni dayandırıb, indi isə yenidən müharibəyə başlamaq üçün çırmanmaq da ağıllıca hərəkət sayılmaz.
İrana tələblər haqda ehtimallardan biri budur ki, ABŞ tərəfi zənginləşdirilmiş uranın ölkədən çıxarımasını və nüvə silahının hazırlanması üçün olan laboratoriyaların birdəfəlik ləğvini istəyirmiş. Daha bir tələb Hörmüzdən tankerlərin maneələrin keçidi idi. Bundan başqa İrana dəstək verən proksi silahlı qüvvələrə maliyyə dəstəyinin dayandırılması şərti də olub. ABŞ əvəzində nə vəd edib, bu da ehtimallardı. Məsələn, İranın bir neçə milyardlıq dondurulmuş maliyyəsinin qaytarılması haqda tələbdən danışılır...
İran əlbəttə ki, “divin şüşədə olan canı”nı təhvil verməyə razılaşmaz. Amma məsələn, bəndənizin ağlına gəlir ki, ABŞ İranı yola gətirmək üçün kompromis varinat kimi İsrailin də nüvə başlıqlı raketlərini ölkədən çıxarılacağını vəd edərdi. Fərz edək ki, İran buna razılaşardı, amma nüvə silahı olduğunu rəsmi şəkildə hələ də təsdiqləməyən İsrail necə, belə bazarlığa razılaşardımı? Əlbəttə, yox. Çünki o bölgədə İsraili dövlət olaraq ayaqda saxlayan heç də ABŞ-nin dəstəyi və ya “Dəmir günbəz” deyil, həmin qorxudan silaha sahib olmasıdır. (Hazırda doqquz ölkə nüvə silahına malikdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən əlavə, bunlar Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır).

Picture

İrana “uranı təhvil ver, aparaq” şərti bir az da Məşədi İbad üçün silah çəkən qoçuların Sərvərə “aç qapını, gələk səni öldürək” hədəsinə bənzəyir. Molla (indi isə SEPAH) rejiminin arsenalında nüvə silahının olmasının bölgəmiz, ən əsası ölkəmiz üçün təhlükəsini anlayırıq. Amma o məntiqi anlamaq da çətindir ki, necə olur, dəli dedikləri Şimali Koreya liderinin ölkəsini nüvə silahına sahib olması dünyanı qorxutmur, amma “İran əldə edərsə, dünyanı dağıdacaq” qorxusu yaradılır. İran rejimi qəddardır, amma heç kim məni inandıra bilməz ki, İsraildəki hazırkı Netanyahu rejimi( barəsində BMT məhkəməsinin həbs qərarı var) Tehran siyasətindən nəyləsə fərqlənir. Yeri gəlmişkən, regionda belə aqressiv siyasət davam edərsə, qardaş Türkiyə də nüvə dövlətinə çevrilməsi haqda ciddi düşünməlidir. Bunun anonsu artıq var. Davamının olması da lazımdır.
Tramp indilərdə canlı yayımda Hörmüz blokadasının başlaması haqda açıqlamalar verdi. Yenə qarma-qarışıq danışıdı. Gah dedi İrana nüvə silahına sahib olmasına imkan verməyəcəyik, gah da dedi danışıqlar davam edəcək. Hörmüzlə bağlı blokadanın olacağıını, Tehranın ağıllandırılacağnı söylədi. Dedi ki, Hörmüz bizə gərək deyil, amma dünya üçün lazımdır, ona görə bu addımı atırlar. Sabah blokadaya dəstək verəcək ölkələrin adını açıqlayacağını da vəd etdi.

Picture

Ekspertlər isə deyir ki, “bütün gəmilərin blokadası” termini yanlışdır. “Hərbi blokada” termini var ki, bu da düşmən dövlətin, iqtisadi bölgəni, inzibati mərkəzi, şəhəri, adanı və s. təcrid etməyi əhatə edən hərbi əməliyyat metodudur. Trampın Hörmüz boğazını blokadaya aldığını elan etməsinin nəticələrinin gəmiçiliyin iflicinə, enerji qiymətlərinin artmasını və daha böyük miqyasda qlobal yanacaq böhranın gözlənildiyini qeyd edirlər. İranın mümkün cavabları sırasasında isə körfəz ölkələrindəki liman infrastrukturuna zərbələr də var...
Bir daha baş tutmayan danışıqlara qayıtsaq, görüşlər tam bir etimzdsızlıq mühitində keçib, bunu da tərəflər etiraf edib. Əlbəttə, bu da səbəbsiz deyil. Çünki bundan əvvəlki danışıqlarda mollalar əba altındakı çomağını, amerikalılar isə “savaş baltalarını” yerə qoymamaşıdılar. İran uran tələbində haqlı görünə bilər, amma Hörmüzlə bağlı israrı danışıqları pozmaq, anlaşmamaq istəyidir. İndi ABŞ-nin İran gəmilərini blokadaya almaq planı gərginliyi daha da artıracaq və bölgədə hər an yenidən savaş alovlana bilər. Baxmayaraq Tramp həmin qarma-qarışıq açıqlamalarında savaşdan yayınmaq istədiklərini də dedi...

İsrail savaşa meylli görünsə də, onların belə tezliklə hərbi əməliyyatları bərpa etməkdə maraqlı olduğunu demək olmaz. Çünki yeni müharibə “toydan sonra nağara” effekti verə bilər. Tramp administrasiyası bunu yaxşı başa düşür, amma İranın israrçı davranışına da cavab vermək lazımdır.

Başladı...

 

Nazim SABİROĞLU,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr