AZ

Avropanın ifrat sağçıları Orbanın məğlubiyyətindən sonra Trampla əlaqələrin sorğulamağa başlayıblar

Almaniyada ifrat sağçı AfD daxilində Donald Trampla yaxınlaşmanın məqsədəuyğunluğu barədə kəskin mübahisə yaranıb, bəzi siyasətçilər ABŞ prezidentinin dəstəyinin Orban üçün əks təsir verdiyini düşünürlər...

Poliqon xəbər verir ki, Avropanın ifrat sağçı siyasi qüvvələri Viktor Orbanın məğlubiyyətindən sonra Donald Trampla yaxın münasibətlərin siyasi faydasını yenidən qiymətləndirməyə başlayıblar. “Financial Times” nəşrinin məlumatına görə, Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası daxilində bu məsələ ətrafında ciddi daxili mübahisə yaranıb.

Məlumata əsasən, partiyanın bəzi nümayəndələri hesab edirlər ki, ABŞ Prezidenti Donald Trampın Viktor Orbana verdiyi açıq dəstək son nəticədə Macarıstan liderinin mövqeyini gücləndirmək əvəzinə ona zərbə vurub. Onların fikrincə, Vaşinqtonla nümayişkaranə yaxınlıq seçki ərəfəsində Orban üçün əlavə siyasi yükə çevrilib.

ABŞ-yə skeptik münasibəti və Rusiya ilə əlaqələri ilə tanınan AfD deputatı Matias Moosdorf bildirib ki, Tramp və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə “göstərişli dostluq” Orbanın boynundan asılmış daş kimi ona ağır təsir göstərib. O vurğulayıb ki, Macarıstanda baş verənlər digər sağçı qüvvələr üçün də ciddi xəbərdarlıq olmalıdır.

Moosdorfun sözlərinə görə, Macarıstanda müxalifətin inandırıcı qələbə əldə etdiyini bəyan etməsi və bununla da Orbanın 16 illik hakimiyyətinə son qoyulması başqa siyasi qüvvələrə riskli tərəfdaşlıqlardan uzaq durmağın vacibliyini göstərir. O, bu vəziyyəti “düşən bıçağı tutmağa çalışmaq” riski ilə müqayisə edib.

Nəşrin yazdığına görə, Orbanın məğlubiyyəti təkcə Macarıstanın daxili siyasəti üçün deyil, həm də Avropadakı ifrat sağ hərəkatlar üçün əlamətdar hadisə kimi qiymətləndirilir. Çünki son illərdə bu qüvvələrin bir hissəsi Trampı ideoloji və siyasi baxımdan özlərinə yaxın fiqur kimi təqdim edirdi.

Hazırkı müzakirələr göstərir ki, Orbanın uğursuzluğu Avropadakı bəzi sağçı dairələrdə ABŞ-dəki MAGA xətti ilə həddindən artıq yaxınlaşmanın siyasi dividendləri barədə ciddi suallar doğurub. Bu proses yaxın gələcəkdə Avropanın ifrat sağ partiyalarının beynəlxalq tərəfdaşlıq strategiyalarına da təsir göstərə bilər.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr