AZ

Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı

Türkiyədə tütün məhsullarının satışı ilə bağlı radikal qərar gündəmdədir.

Musavat.com xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) hazırladığı qanun layihəsinə əsasən, ölkədə siqaret və digər tütün məhsullarının satışı 2040-cı ildən tam şəkildə qadağan edilə bilər. Layihə hələ qəbul olunmayıb, lakin parlamentə təqdim olunması gözlənilir.

Sənədə əsasən, qadağalar təkcə adi siqaretləri deyil, həm də elektron siqaretləri, qızdırılan tütün sistemlərini və nikotin tərkibli digər məhsulları əhatə edəcək. Hətta siqareti təqlid edən, lakin tütün tərkibli olmayan məhsullar da məhdudiyyətlərə daxil ediləcək.

Layihəyə görə, qadağa mərhələli şəkildə tətbiq olunacaq. İlk mərhələdə ictimai yerlərdə siqaret çəkilməsinə qoyulan məhdudiyyətlər genişləndiriləcək. Bundan əlavə, tütün məhsullarının yalnız nağdsız ödənişlə satılması təklif olunur.

Qanun qəbul edilərsə, 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının istehsalı, idxalı və satışı qadağan olunacaq. Qaydaları pozanlara isə 1 milyon lirədən 5 milyon lirəyədək cərimə tətbiq ediləcək.

Statistikaya görə, Türkiyədə əhalinin təxminən üçdə biri tütün istifadəçisidir. Bu isə ölkəni Avropada siqaret istifadəsinin yüksək olduğu dövlətlərdən birinə çevirir. Xüsusilə hamilə qadınlar arasında siqaret istifadəsinin 8-12 faiz arasında dəyişməsi diqqət çəkir və bu göstərici dünya ortalamasından xeyli yüksək hesab olunur.

 

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr