AZ

Zelenski yeni dövrü elan etdi: düşmən mövqeyi ilk dəfə əsgərsiz ələ keçirildi

Müasir müharibənin xarakteri sürətlə dəyişir və Ukrayna cəbhəsindən gələn son açıqlamalar bunu bir daha təsdiqləyir.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu müharibə tarixində ilk dəfə olaraq düşmən mövqeyinin piyada qüvvələri cəlb edilmədən, yalnız yerüstü robotlar və dronlar vasitəsilə ələ keçirildiyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, son üç ay ərzində Ratel, TerMIT, Ardal, Rys, Zmiy, Protector, Volia və digər yerüstü robot platformaları cəbhə xəttində 22 mindən çox missiya yerinə yetirib. Bu göstərici Ukraynanın döyüş meydanında texnoloji üstünlüyü artırmaq istiqamətində ciddi nəticələr əldə etdiyini göstərir.

Ukrayna lideri bildirib ki, ölkəsinin müdafiə sənayesi artıq ildə milyonlarla FPV dronu, strateji zərbə vasitələri, raket-tutucular və milyonlarla mərmi istehsal etmək gücünə malikdir. Onun sözlərinə görə, Ukrayna artıq özünün uzaq mənzilli raket silahlarına sahibdir və bu imkanlar kağız üzərində qalan layihə deyil, real döyüş meydanında tətbiq olunan gücə çevrilib.

Zelenski bu sırada Flamingo, Ruta, Peklo, Neptun, Palyanitsa və Vilxa kimi sistemlərin adını çəkərək, Ukraynanın əldə etdiyi hərbi-texnoloji imkanlarla qürur duyduğunu vurğulayıb. O əlavə edib ki, Kiyev bununla kifayətlənmək niyyətində deyil.

Prezident həmçinin qeyd edib ki, Ukrayna dronları artıq sərhəddən 1750 kilometr uzaqlıqda yerləşən hədəfləri vurmaq imkanını nümayiş etdirib. Zelenskinin fikrincə, bu, artıq sadəcə iddia deyil, tarixi reallıqdır və bunun davamı gələcək.

O, çıxışında Siçen, Lutiy, Morok, Bars, Obriy və FP texnologiyalarını da xüsusi qeyd edərək bildirib ki, Ukraynanın məqsədi rekord qırmaq deyil, “şəri harada olursa-olsun tapacaq ədaləti bərpa etməkdir”.

 

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr