Birləşmiş Ştatlar administrasiyası 2026-cı ilin yanvarından başlayaraq təxminən 150 milyon barel Venesuela mənşəli neft satıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Semafor" nəşrinin təşkil etdiyi konfransdakı çıxışı zamanı bildirib.
"Əgər yuvarlaq rəqəmlərlə desək, yanvarın 3-dən təxminən 150 milyon barel Venesuela nefti satılıb. Bəlkə də, bir az çox, ancaq təqribən bu həcmdə", - o qeyd edib.
Xatırladaq ki, Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı uğurlu və genişmiqyaslı zərbə endirdiyini bildirib. O qeyd edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıblar.
İki gün sonra - yanvarın 5-də Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Məhkəmədə o, günahsız olduğunu bəyan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuelanın konsulluq əməkdaşlarının onlara baş çəkməsinə razılıq verib.
Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin cinayət işi üzrə Nyu-York məhkəməsindəki ikinci iclas çərçivəsində dinləmələr martın 26-da keçirilib.