AZ

Dünyanın ən kədərli deputatı Orxan Saffari yazır…

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Yəqin ki, Milli Məclisin ən kədərli, kirpiklərinə qədər yorğun olan deputatı Siyavuş Novruzovdur.

Bəlkə də, Siyavuş Novruzov çox pis bir şair ola bilərdi, ancaq o, həm də kədərli siyasətçi olmağı seçdi.

Əslində, onu bir məqamda təqdir də etmək lazımdır. Çünki Novruzov əzəldən inandığı, yanında olduğu əqidəyə sadiq adamdır.

Məsələn, onu tənqid edən zaman “İqtidarın yanındasan, yaltaq, xalqın sözünü demirsən” və s. kimi sözlər işlətmək olmaz, artıq işdir, mənasızdır. Siyavuş Novruzov yaltaq yox, gözünü hər şeyə yuman, səsini hər şeyə batıran və hər şeyə inanan adamdır.

Məgər o, nə vaxt mövcud hakimiyyətin yanında olmayıb ki? Azərbaycanda mövcud hakimiyyət yox idi ki, Siyavuş Novruzov yenə onun yanında idi.

Ancaq insan obrazı, qazanılan sima elə bir şeydir ki, onun bərpası az qala heç nə ilə mümkün deyil.

Məsələn, bu çıxışların hamısı Siyavuş Novruzova aiddir:

“Azərbaycan gətirilən narkotikin kökü tapılmalıdır”.

“Azərbaycan verilən dəfn puluna qəbirstanlıqdan 10 sm yer almaq mümkün deyil”.

“Məhkəmə insanın hüquqlarını müdafiə etməlidir”.

“Biz bu gün qəbul etdiyimiz layihə ilə yanlız məhkəmənin haqlarını müdafiə edirik, vətəndaşın yox”.

“Siyavuş Novruzov məhkəmələrin cərimələnməsini təklif etdi”.

Göründüyü kimi, bir Siyavuş Novruzov üçün kifayət qədər müxalif, xalqa yaxın olan çıxışlardır.

Onlarla nümunələr gətirmək olar ki, onun parlamentdə xalqın xeyrinə danışdığını da görək.

Ancaq burada əsas məsələ həqiqətin kimin dilindən səslənməsidir. Siyavuş Novruzov dünyanın ən böyük həqiqətini də desə, adamların ona gülməyi gəlir. Digər tərəfdən, əslində, heç kim onu həqiqətin siması kimi görmək istəmir, çünki həqiqət gözdən düşür.

Məsələn, Siyavuş Novruzov bir dəfə Azərbaycanda korrupsiya, rüşvətin olduğunu dolası ilə etiraf etmişdi. Demişdi ki, rüşvət ikitərəflidir, verən də var, alan da.

Təsəvvür edin, eyni sözü hansısa müxalifət lideri də deyir. Adama deməzlər ki, bunu Siyavuş Novruzov da deyə bilir?

Siyavuş Novruzovun kədəri təkcə xalq arasında deyil, elə öz ətrafında da var. Məşhur bir video var, toyda oynayırlar. Siyavuş Novruzov kimin qabağına oynamaq üçün keçirsə, həmin adam üz döndərir.

Videodakı adam Siyavuş Novruzov olmasaydı, adamın ürəyi ağrıyardı. Ancaq odur deyə, adamın üzü gülür.

Siyavuş Novruzov elə obrazdır, onun adına istənilən bir ssenari yazıb qısametrajlı filmlər çəkmək olar. Tammetrajlı çox olar ona. Məsələn, həmin filmdəki dialoqlardan biri deyim.

Siyavuş Novruzov marketə girir.

Satıcı soruşur:

-Nə istəyirsiniz?

O deyir:

-“Əsas məsələ odur ki, seçim imkanları genişdir.”

Satıcı donub qalır.

Axırda özü deyir:

-“Yəni çörək verin”.

Yaxud da belə təsəvvür edək.

Bir gün parlamentdə işıqlar sönür. Hamı panikaya düşür. Telefonlar çıxır, kimisi zəng edir, kimisi mesaj yazır. Birdən qaranlığın içindən bir səs gəlir:

-“Bu məsələyə kompleks yanaşmaq lazımdır”.

Hamı sakitləşir.

Siyavuş Novruzov ömür boyu elə şeylər danışıb ki, bundan sonra min il susa bilər.

Ümumiyyətlə, o danışanda adamın yadına nə danışdığı yox, niyə danışdığı düşür.

Yaxşıfason danışanda həqiqəti demək üçün yox, həqiqətin nə qədər qəribə səslənə biləcəyini göstərmək üçün danışır.

Siyavuş Novruzovun bu dünyada qəribə olmayan heç nəyi yoxdur. Xüsusi nitqi ilə seçilən deputat danışanda cümlələr gələcəkdə başlayır, keçmişdə bitir, amma indiki zamanda heç nə baş vermir.

Təxminən belə:

“Görüləcək işlər görülüb, amma görülməyənlər də görüləcək”.

Siyavuş Novruzovun ən böyük faciəsi ondadır ki, o heç vaxt özünü izah etməyə çalışmır. Çünki o, izah olunası bir şey deyil, o, baş verən hadisədir. Təbiət hadisəsi kimi. Məsələn, yağış yağır, külək əsir, Siyavuş Novruzov danışır.

Bu üç hadisənin də ortaq cəhəti var: heç birinin qarşısını almaq mümkün deyil.

Əslində, onun fenomeni ondadır ki, o, danışanda məna yox, reaksiya yaradır. İnsanlar nə eşitdiklərini yox, necə hiss etdiklərini xatırlayır. Bəzən gülürlər, bəzən çaşırlar, bəzən də sadəcə baxıb qalırlar.

Siyavuş Novruzovun indiyə qədər konkret olan bir fikri olmayıb. Ümumiyyətlə, onun olduğu yerlərdə konkretlik yox olur. Hər şey bir az “ola bilər” vəziyyətinə keçir. Stul artıq sadəcə stul deyil, oturmaq ehtimalıdır. Qapı sadəcə çıxış deyil, keçid imkanının müzakirəsidir.

Onun nitqində qəribə bir zaman mexanikası var. Sözlər sanki əvvəlcədən hardasa hazırlanır, amma danışılarkən unudulur və nəticədə cümlələr yarımçıq yaddaşın məhsulu kimi çıxır ortaya. Elə bil beyinlə dil arasında bir gömrük postu var və hər fikir orada saxlanılır.

Onu deyim, Novruzovun ən maraqlı xüsusiyyəti budur ki, o heç vaxt səhv danışmır. Çünki onun dediklərini yoxlamaq mümkün deyil. Səhv olmaq üçün əvvəlcə konkret fikir olmalıdır.

Bəlkə də, bir gün bu dünyada hər şeyi, hər kəsi unutmaq olar, ancaq onu, onun kədərini unutmaq mümkün deyil. O, heç vaxt ciddi qəbul olunmayacaq. Amma heç vaxt da unudulmayacaq. Çünki bəzi insanlar tarix yazır, bəziləri isə lətifəyə çevrilir. Bu mənada, Siyavuş Novruzov başdan ayağa əfsanədir, özü də, hazırda yaşayan əfsanə. Adam ona baxanda litr-litr içib vedrə-vedrə ağlamaq istəyir.

Həyatın reallığı budur ki, bir gün hamı bu dünyada gedəcək. O cümlədən Siyavuş Novruzov da. Hər kəsin unudulduğu bir anda qəfil xatırlanacaq Novruzov və uzaqdan bir qeybdən bir səs gələcək:

“Bu məsələyə kompleks yanaşmaq lazımdır…”

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr