Diplomat nəyə tamaşa etdiyinin fərqinə varırdımı?..
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xocalı cəlladı, Qarabağ avantürasının ideoloqlarından sayılan, bədnam yazıçı Zori Balayanın dəfnində iştirak edib. Əlbəttə, bu adi hadisə deyil. Hər halda, cənab səfir kimin dəfninə qatıldığının fərqində olub. Axı o, təcrübəli diplomatdır. Ona görə ortaya maraqlı sual çıxır: Z.Balayanın dəfnində iştirak Kopırkinin öz təşəbbüsüdür, yoxsa...
Əlbəttə, sualımız ritorikdir. Çünki Kopırkin konkret ölkəni təmsil edir, onun hara getdiyi, kimlə görüşdüyü planlıdır. Nəzərə alaq ki, diplomatın Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın yanına da gedib-gəlməkləri var. Adam boş dayanmır. Görünür, ölkəsi naminə belə çalışır...
Deməli, reallıq budur ki, Rusiyanın Ermənistandakı səfiri Cənubi Qafqazda ixtilaf təğlibatçısının dəfninə qatılır. İndi durumu necə başa düşək? Əslində, məsələni anlamaq çox da çətin deyil. Rusiya uzun müddət ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədri olub. O qrupun ki, Azərbaycanla Ermənistan arasında münaqişəni həll etməli idi. Amma həll etmədi. Əksinə, bu qrup işğal faktını rəsmiləşdirmək, onu düşüncələrə yeritmək üçün əlindən gələn hər şeyi etdi: Danışıqlar prosesini uzatdı və müxtəlif manipulyasiyaları ilə Ermənistanın şıltaqlıqlarına göz yumdu.
Nəhayət, Azərbaycan 44 günlük müharibə və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarını işğaldan qurtardı, eyni zamanda, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ən əsası isə ölkəmizin şanlı Zəfəri Qarabağ avantürasına son qoydu. Əlbəttə, bu gün də Rusiyada Azərbaycanın Zəfərini, Cənubi Qafqazdakı avantüranın sıradan çıxdığını həzm edə bilməyənlərin olduğunu görürük. Belələrinə hər sahədə rast gəlinir. Rusiya isə rəsmi səviyyədə bildirir ki, Cənubi Qafqazda sülhün tərəfdarıdır. Ölkə regionda barışın tərəfdarıdırsa, Kopırkin Zori Balayanın dəfnində nə gəzir?
Bu yerdə, dəfndə iştirak edənlərə diqqət yetirək: Ermənistanın keçmiş prezidentləri, Xocalı qatilləri Robert Koçaryan və Serj Sarkisyan, həmçinin, türklərə və azərbaycanlılara qarşı nifrət püskürən II Qaregin. Və səfir Kopırkin. Mənzərədə Qarabağ avantürası üzrə səhnə formalaşır. Ortada isə cənazə var. Özü də murdar cənazə, üfunət mumiyası.
Qeyd edək ki, Rusiyanın ictimai rəyində qondarma Qarabağ hərəkatının hələ bitmədiyinə dair fikir var və bu fikir Ermənistandakı revanşist və şovinist kəsmi hərəkətə gətirir. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də ölkənin digər rəsmiləri Qarabağ hərəkatının artıq olmadığını bildirirlər. Özü də dəfələrlə. O zaman cənab Kopırkin haqqında da pis düşünməyək. Hesab edək ki, o, heç diplomatik etiketi pozmayıb, vəzifə səlahiyyətlərinə uyğun davranıb və öz gözü ilə Qarabağ avantürasının necə gəbərdiyini görməyə gedib. Ola bilər, bu avantüranın leşinə tamaşa etmək onun üçün maraqlıdır, belə demək mümkünsə, zövq işidir. Əgər belədirsə, səfirə bəraət var. Arzu edək ki, diplomatik möhləti imkan versin və o, II Qareginin də, Robert Koçayanın da, Serj Sarkisyan və digər Qarabağ cəlladlarının da dəfnində iştirak etsin. Başqa nə deyək?
Ə.RÜSTƏMOV
XQ