AZ

Azərbaycanda startap ekosisteminin hədəfləri

Azərbaycanda innovasiya və startap mühitinin inkişafı istiqamətində mühüm addımlardan biri kimi bu il “PitchBook” məlumat bazasına çıxışın təmin olunması nəzərdə tutulur. Bu təşəbbüs ölkənin qlobal innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirəcək və yerli startapların beynəlxalq investorlar üçün daha əlçatan olmasına şərait yaradacaq.

Bir neçə gün öncə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev startap nümayəndələri ilə görüş keçirərək mövcud dəstək mexanizmlərini və gələcək imkanları müzakirə edib. Məclisdə xüsusilə vurğulanıb ki, ölkənin innovasiya ekosistemində həyata keçirilən bütün vençur sövdələşmələrinin vahid məlumat bazası ilə əlaqələndirilməsi istiqamətində sistemli işlər aparılacaq.

Bu yanaşma Azərbaycanda startap mühitinin daha şəffaf, ölçülə bilən və investorlar üçün cəlbedici hala gətirilməsinə xidmət edir. Belə ki, yerli startapların fəaliyyəti, əldə etdikləri investisiyalar və inkişaf mərhələləri barədə məlumatların beynəlxalq platformalarda yer alması onların qlobal səviyyədə tanınmasını təmin edəcək.

Ümumiyyətlə, startapların Azərbaycanda davamlı şəkildə təşəkkül tapması, böyüməsi və 1–3 milyard dollar həcmində ixrac göstəricilərinə çatması üçün mərhələli və sistemli inkişaf trayektoriyası zəruridir. Son on beş ildə bu istiqamətdə əhəmiyyətli addımlar atılıb, dövlət və özəl sektor tərəfindən müxtəlif təşəbbüslər irəli sürülüb. Bununla belə, mövcud mənzərə göstərir ki, qarşıda hələ geniş inkişaf sahəsi mövcuddur və bu yolu keçmək üçün bir sıra əsas çətinliklərin aradan qaldırılması vacibdir.

Əsas məhdudiyyətlərdən biri bilik və bacarıqların yetərli səviyyədə formalaşmamasıdır. Azərbaycanda sahibkarlıq üzrə fundamental biliklər hələ geniş yayılmayıb. Startap yaratmaq istəyənlər, yaşından asılı olmayaraq, tamamilə yeni mühit və fərqli tələblərlə üzləşir, bu isə onların adaptasiyasını çətinləşdirir.

Azərbaycanın rəqəmsal arxitektura planı startap ekosistemini iqtisadi siyasətin mərkəzinə yerləşdirməlidir. Dövlət-özəl vençur fondlarının yaradılması, investorlar üçün vergi təşviqləri, Dövlət satınalmalarında startap kvotaları, regional innovasiya mərkəzləri həyata keçirilsə, 12 milyon manatlıq məhdud bazar qısa müddətdə çoxqatlı investisiya ekosisteminə çevrilə bilər.

Bununla belə, mövcud ekosistemin inkişaf tempi hələ istənilən səviyyəyə çatmayıb. Müqayisə üçün bəzi region ölkələrinə nəzər saldıqda, məsələn, Özbəkistan startap sahəsinə daha böyük maliyyə vəsaitləri yönəldir və nəticədə, texnologiya ixracı artıq 1 milyard dollar həddini keçib. Bu fakt bir daha göstərir ki, dövlət dəstəyi və maliyyə investisiyaları həlledici rol oynayır.

Maliyyə məsələsinə gəldikdə isə, yalnız kapitalın mövcudluğu kifayət etmir. Əsas məqsəd investisiya cəlb etmək qabiliyyətinə malik, qlobal bazarda rəqabət aparacaq layihələrin sayını artırmaqdır. Hazırda fəaliyyət göstərən vençur fondları belə, maliyyələşdirmək üçün keyfiyyətli layihələr axtarışındadır. Əgər ölkədə bir neçə uğurlu startap nümunəsi formalaşsa və uğurlu “exit”lər baş versə, bu, böyük investorların diqqətini cəlb edəcək. Çünki investor üçün əsas meyar gəlir perspektividir və kapital həmişə riskin daha aşağı, qazanc imkanlarının isə daha yüksək olduğu mühitlərə yönəlir.

Fərid KAZIMOV,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü

“PitchBook” haqqında qeyd etmək istərdim ki, Azərbaycanın bu sistemə qoşulması ölkəmizin qlobal startap və innovasiya ekosisteminə inteqrasiyası baxımından mühüm addımdır. Çünki “PitchBook” özlüyündə nüfuzlu və etibarlı məlumat platforması kimi tanınır.

Bu platformada, təxminən, 10 milyondan artıq startap qeydiyyatdan keçib. Eyni zamanda, burada 150 mindən çox investisiya və vençur fondları, eləcə də müxtəlif formatlı investor şəbəkələri mövcuddur. Bundan əlavə, 600 mindən çox investor, o cümlədən mələk investorlar da platformada təmsil olunur. Platformada 100 mindən artıq startap üzrə investisiya müqavilələrinin izlənilməsi mümkündür. Bəs bu sistem Azərbaycan startaplarına nə vəd edir?

İlk növbədə, yerli startaplar qlobal ekosistemə inteqrasiya imkanı qazanır. Onlar üçün bir növ “rəqəmsal pasport” formalaşır. Bu isə o deməkdir ki, hər hansı investor – istər yerli, istərsə də xarici – startap haqqında məlumatı daha şəffaf şəkildə əldə edə bilir və bu da etimadı artırır.

İkinci mühüm məqam isə odur ki, bu platforma Azərbaycan startaplarının vençur fondlarına çıxışını xeyli asanlaşdırır. Startaplar artıq ekosistemin aktiv iştirakçısına çevrilir və müxtəlif investisiya qurumlarına müraciət prosesi daha sistemli və effektiv şəkildə həyata keçirilir. Bununla yanaşı, startaplar öz fəaliyyət istiqamətləri üzrə qlobal trendləri izləyə, digər layihələri təhlil edə bilirlər. Məsələn, “fintech”, “edtech”, “proptech” kimi sahələrdə fəaliyyət göstərən startaplar bazardakı yenilikləri daha yaxından öyrənmək imkanı əldə edir. Bu isə onların inkişafına ciddi təkan verir.

Ümumilikdə, bu addım Azərbaycanın startap ekosisteminin qlobal inteqrasiyası istiqamətində atılan mühüm mərhələdir. Bu kontekstdə “AngelList” kimi beynəlxalq platformaları da qeyd etmək olar. Bu platformalar müxtəlif ölkələrdən olan startapları bir araya gətirərək onların qlobal bazarlara çıxışını təmin edir. Azərbaycanın da bu cür platformalarda təmsil olunması müsbət haldır.

Ölkə daxilində də müəyyən təşəbbüslər mövcuddur. Məsələn, Startup Azerbaijan kimi platformalar yerli startapların inkişafına dəstək verir. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanın startap ekosistemində maliyyə resursları məhduddur. Bu səbəbdən qlobal platformalara inteqrasiya daha böyük əhəmiyyət kəsb edir. Son illərdə ölkədə startap ekosistemində nəzərəçarpacaq dəyişikliklər baş verib. Artıq bir çox universitetlərdə inkubasiya mərkəzləri fəaliyyət göstərir, gənclər innovativ təşəbbüslərə daha çox maraq göstərirlər. Xüsusilə, süni zəka sahəsində baş verən inkişaflar startapların yaradılmasını daha da asanlaşdırıb. Müasir dövrdə kiçik komandalar – hətta 2-3 nəfərdən ibarət qruplar belə – qlobal bazara çıxmaq potensialına malik layihələr yarada bilir.

Bu yaxınlarda cəmi 2 nəfərdən ibarət komanda tərəfindən qurulan və 1,8 milyard dollar dəyərində qiymətləndirilən startap haqqında yayılan məlumatlar da bunu təsdiqləyir. Bu, artıq texnologiyanın yeni mərhələyə keçdiyini göstərir.

Beləliklə, müasir alətlərdən düzgün istifadə edən hər bir şəxs və ya kiçik komanda qlobal səviyyədə rəqabət apara biləcək startap yarada bilər. Bu isə, ümumilikdə, startap mühitində ciddi transformasiyanın baş verdiyini göstərir.

Nurlan ABDALOV
XQ

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr