AZ

16 illik hakimiyyətdən sonra...

Viktor Orban seçkiləri uduzaraq iqtidarı “Tisza” partiyasına təhvil verir

Aprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “FİDES” Partiyası məğlub olub.

Seçkilərdə 199 deputat yeri uğrunda mübarizə aparılıb. Onlardan 93-ü partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülüb. Hakim koalisiya - “FİDES - Macarıstan Vətəndaş İttifaqı” və onun kiçik tərəfdaşı olan Xristian-Demokrat Xalq Partiyası (XDXP) müxalif “Tisza” Partiyası ilə rəqabət aparıb. FİDES-ə Viktor Orban, “Tisza”ya isə keçmiş hökumət rəsmisi və Avropa Parlamentinin üzvü Peter Madyar rəhbərlik edir. Seçkilərdə seçici fəallığı rekord səviyyədə - 80 faizə yaxın olub ki, bu da ölkənin gələcək siyasi kursuna ictimai marağın mühüm olduğunu göstərir. Ekspertlər qeyd edirlər ki, belə yüksək seçici fəallığı bu səsvermənin Macarıstanın gələcək illərdəki istiqamətini müəyyən etməkdə strateji əhəmiyyətini ifadə edir. “Tisza” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına hökumət qurmaq imkanı əldə edib.

İlkin nəticələrin açıqlanmasından sonra Viktor Orban partiyasının məğlubiyyətini etiraf edib. “Nəticə bizim üçün ağrılıdır, amma aydındır. İdarəetmə məsuliyyəti və imkanı bizə verilmədi. Qalibi təbrik etdim”, - deyə Orban vurğulayıb.

“FİDES”i “Tisza”ya dəyişən Peter Madyar kimdir?

Orbanın 16 illik hakimiyyətinə son qoyan Peter Madyar kimdir?

Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Peter Madyar indi Avropada diqqətləri özünə çəkib. Peter Madyar uzun müddət dövlət idarəçiliyi və bizneslə əlaqəli strukturlarda çalışıb. O, dövlət şirkətlərində vəzifələr tutub və əvvəllər hakim “FİDES” partiyasında təmsil olunub. Peter Madyar 16 mart 1981-ci ildə Budapeştdə Macarıstan cəmiyyətinin elitası sayılan bir ailədə anadan olub. Onun babası Ereş Pal Macarıstan Ali Məhkəməsinin hakimi və 1970-80-ci illərdə ölkənin məşhur media siması idi. O, dövlət televiziyasında illərlə yayımlanan “Hüquqi işlər” proqramının aparıcısı olub. Real məhkəmə işlərini təhlil etməsi dövrün populyar mədəniyyətinə daxil olmuşdu, onu küçədə tanıyırdılar və ölkənin ən nüfuzlu hüquqşünaslarından biri hesab edirdilər.

Peter Madyarın xaç atası isə onun nənəsinin qardaşı, Budapeşt universitetlərindən birinin hüquq professoru Ferents Madl idi. O, sonradan “FİDES” partiyasına qoşulub və 2000-2005-ci illərdə Macarıstanın Prezidenti olub. Peter Madyarın valideynləri də hüquqşünas olub. Buna görə də onun universitetdə hüquq təhsili alması təəccüblü deyil. Universitetdən əvvəl Peter Madyar Budapeştin mərkəzində yerləşən elit Piarist katolik məktəbini bitirib. O, mətbuata verdiyi müsahibələrinin birində məhz burada ilk dəfə Viktor Orbanla qarşılaşdığını bildirib. Peter Madyar 12 il Viktor Orbanın “FİDES” partiyasının üzvü olub. Partiya 2010-cu ildə seçkiləri qazandıqdan sonra Madyar Xarici İşlər Nazirliyində vəzifə alıb. Növbəti il isə Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinə keçib. 2019-2022-ci illərdə Orban onu öz hökumətində “tələbə təqaüdləri mərkəzinin” rəhbəri təyin edib. Madyarın ailəsi də konservativ, sağ-mərkəzçi olub, anası Monika Ereş Macarıstan Ali Məhkəməsinin sədr müavini vəzifəsini daşıyıb.

Madyarın keçmiş həyat yoldaşı Yudit Varga da Orbanın partiyasında çox önəmli şəxslərdən biri idi. 2018-ci ildə Orbanın hökumət aparatında Avropa İttifaqı məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildə isə Orbanın kabinetində Ədliyyə Naziri vəzifəsinə təyin edilib və  2023-cü ilə qədər bu vəzifəni daşıyıb. 2024-cü ildə isə xanım Varga Orbanın partiyasının Avropa Parlamentinə seçkilərdəki siyahısına başçılıq edib.

Brüssel Macarıstanda hakimiyyət dəyişikliyindən məmnundur

Peter Madyar  2024-cü ildə “FİDE”ni tərk edərək “Tisza” partiyasına qoşulub. Formal olaraq Avropayönümlü olan bu partiya 2020-ci ilin oktyabrında yaradılıb, lakin əvvəlki parlament seçkilərində iştirak etməyib.  Madyar, “FİDES” partiyasından ayrıldıqdan sonra siyasi elitanı və Viktor Orbanı tənqid edərək hakimiyyəti  korrupsiyada və qohumbazlıqda ittiham edib.

Macarıstanda parlament seçkilərinin nəticələri beynəlxalq müstəvidə müxtəlif reaksiyalar doğurub. Məsələn, Brüssel Macarıstandakı parlament seçkilərinin nəticələrini müsbət qiymətləndirib. Avropa qurumları ölkənin yeni hökumətinin danışıqlarda Aİ ilə həmrəylik prizmasından daha konstruktiv mövqe tutacağına ümid edir. “Viktor Orbanın seçkilərdə məğlubiyyəti Brüsseldə rahatlıq və hətta bir az da olsa sevinc hissi yaradıb. Avropa rəsmiləri Macarıstanın yeni hökumətinin danışıqlar masasında Aİ ilə həmrəylik prizmasından daha konstruktiv mövqe tutacağına ümid edirlər”, - deyə CNN xəbər verir.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bildirib: “Macarıstan Avropanı seçib. Avropa həmişə Macarıstanı seçib. Birlikdə daha güclüyük. Macarıstan Avropa yoluna geri qayıdır. Avropa İttifaqı daha da güclənir”. Avropa Parlamentinin sədri Roberta Metsola əlavə edib ki, Macarıstan “Avropanın ən mərkəzində yer tutur”. Fransa Prezidenti Emmanuel Makron da qeyd edib ki, qələbə macar xalqının Avropa İttifaqı dəyərlərinə və Macarıstanın Avropadakı roluna sadiqliyini nümayiş etdirir. Almaniya Kansleri Fridrix Merts isə güclü, təhlükəsiz və vahid Avropa naminə birgə səylərə çağırıb. Böyük Britaniyanın Baş naziri Kir Starmer seçkiləri təkcə Macarıstan deyil, həm də Avropa demokratiyası üçün tarixi an adlandırıb.

Polşanın Baş naziri Donald Tusk fikirlərini qısa şəkildə ifadə edib: “Macarıstan. Polşa. Avropa. Yenidən birlikdə!”. Slovakiyanın Baş naziri Robert Fitso da Peter Madyarı təbrik edərək, Macarıstan hökumətinin yeni başçısı ilə fəal əməkdaşlığa hazır olduğunu vurğulayıb. Fitso qeyd edib ki, Bratislava Budapeştlə dostluq və qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək, hər iki ölkədə milli azlıqların vəziyyətinin yaxşılaşdırılması üzərində işləmək niyyətindədir. O, həmçinin Vışeqrad qrupu çərçivəsində əməkdaşlığın bərpasının və enerji təhlükəsizliyi sahəsində səylərin koordinasiyasının vacibliyini vurğulayıb.

İlon Mask: Soros təşkilatı Macarıstanı ələ keçirib

Lakin amerikalı milyarder İlon Mask Macarıstanda hakimiyyət dəyişikliyindən məmnun qalmayıb. O, “X”-də maliyyəçinin oğlu Aleks Sorosun macar xalqının öz ölkələrini geri aldığı iddialarına cavab olaraq yazıb: “Soros təşkilatı Macarıstanı ələ keçirib”.

Bu arada, Peter Madyar Baş nazir kimi ilk xarici səfərinin Polşaya olacağını açıqlayıb. Bununla belə, o deyib ki, Macarıstanın yeni rəhbərliyi Rusiya ilə danışıqlar aparmalı olacaq, çünki ölkələrin coğrafi mövqeyi dəyişməyəcək və Budapeştin Rusiyanın enerji resurslarından asılılığı davam edəcək. Madyarın sözlərinə görə, ölkə vətəndaşları hökumətin “Ukrayna yönümlü” deyil, “Macarıstan yönümlü” olmasını istəyirlər. “Macar xalqının real problemlərini həll edən hökumətin formalaşması yaxşı olardı. Əlbəttə ki, bu baş verərsə, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masasına oturmalı olacağıq”, - deyən Peter Madyar, lazım gələrsə, Rusiya ilə danışıqlar aparacaqlarını, lakin Moskva ilə dost olmayacaqlarını vurğulayıb.

Nardar BAYRAMLI

Seçilən
23
yeniazerbaycan.com

1Mənbələr