Aprelin 11-də İslamabadda baş tutan İran-ABŞ danışıqlarının nəticəsiz bitməsi tərəflər arasında yenidən gərginlik yaradıb. Bu fonda ABŞ İrana qarşı yeni hərbi əməliyyatların başlana bilməsi ehtimalını istisna etməyib. Hətta Amerika Hörmüz boğazını blokadaya alacağı ilə hədələyib. İsrail isə Livana zərbələri davam etdirir.
Tehran da öz növbəsində Livanda atəşkəsin sülh üçün əsas tələb olduğunu irəli sürərək, cavab zərbələri endirmək hüququnu özündə saxladığını bildirir.
Qeyd edək ki, 14 günlük atəşkəs razılaşmasının müddəti aprelin 21-də bitir. Amma hər halda nəticəsiz bitən danışıqlar müharibənin yenidən alovlanması ehtimalını yüksəldib.
Regionu daha böyük qarşıdurma gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov müharibənin yenidən alovlanması ehtimalının böyük olduğu qənaətindədir:
“Danışıqların nəticəsiz olacağını əvvəlcədən demişdik. Çünki tərəflərin irəli sürdüyü tələblər o qədər fərqli idi ki, burada ortaq məxrəcə gəlmək qeyri-mümkün görünürdü. Baxmayaraq ki, İran və ABŞ rəsmiləri 2-3 məsələdə razılığa gələ bilmədiklərini deyiblər”.
Ekspert qeyd edir ki, razılığa gələ bilməsələr, atəşkəs rejimi bitən kimi hərbi əməliyyatlar yenidən başlayacaq:
“Danışıqlar gedə-gedə ABŞ İran yaxınlığına əlavə qüvvələr gətirməklə məşğul olub. Yəni onlar danışıqların nəticəsiz başa çatacağını bilirdilər. Ona görə də tərəflər növbəti mərhələyə hazırlaşırlar. Ən azından atəşkəs rejimi bitən kimi hərbi əməliyyatlar davam etdiriləcək. Tramp hətta bu dəfə İrana zərbələrin daha dəhşətli olacağını vəd edib”.
Ekspertin sözlərinə görə, müharibənin davam etməsi fonunda da qalib bəlli olmayacaq:
“Sadəcə bir məsələ aydındır. Müharibənin davam etdirilməsi nə ABŞ-yə, nə də İrana qələbə qazandıracaq. Ancaq daha çox zərər çəkən İran olacaq. Tehran da öz növbəsində yanacağın qiymətinin qalxmasına ümid edir. Bilir ki, bu amil ABŞ əhalisini xüsusilə narahat edən bir məsələdir. İran da məhz bu məqamdan istifadə etmək istəyir”.
Rüfət Sultan, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta