AZ

Deputat: “Neft məhsullarının Ermənistana ixracı qarşılıqlı etimadın formalaşmasına və sülhün möhkəmlənməsinə xidmət edir”

“8 avqust 2025-ci il  tarixində Azərbaycan ilə Ermənistan arasında paraflanmış sülh sənədi uzun illər davam edən düşmənçiliyə son qoyulması və yeni əməkdaşlıq reallıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq sərhədlərimizdə silah səsləri eşidilmir, atəşkəs pozuntuları müşahidə olunmur və insan itkiləri baş vermir ki, bu da regionda sabitliyin bərqərar olmasına xidmət edir. Təbii ki, əldə olunmuş sülhün möhkəmləndirilməsi üçün əlavə və ardıcıl addımların atılması zəruridir. Məsələn, Azərbaycanın birtərəfli qaydada Ermənistana yönələn tranzit yüklərə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırmasından sonra Qazaxıstan və Rusiyadan taxıl və digər məhsulların ölkəmizin ərazisi vasitəsilə daşınmasına başlanılıb. Eyni zamanda, Azərbaycan tərəfindən neft məhsullarının Ermənistana ixracı həyata keçirilir ki, bu da qarşılıqlı etimadın formalaşmasına və sülhün möhkəmlənməsinə xidmət edir. Yaxın gələcəkdə Ermənistan tərəfindən də Azərbaycana müəyyən məhsulların ixrac olunacağı gözlənilir. Bu isə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına, qarşılıqlı asılılığın artmasına və nəticə etibarilə sülhün daha dayanıqlı xarakter almasına zəmin yaradır”.

 

Bu sözləri Pravda.az-açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, bütün bunlarla yanaşı, Ermənistanda hələ də müharibə ritorikası ilə çıxış edən qüvvələrin mövcudluğu müşahidə olunur: “Əslində, mövcud siyasi şəraitdə, xüsusilə qarşıdan gələn parlament seçkiləri fonunda, bu cür çağırışların səsləndirilməsi gözləniləndir. Müxalif qüvvələr hakimiyyətə qarşı mübarizədə müxtəlif vasitələrdən istifadə edir. Səsləndirilən bu ritorikanın daha çox daxili siyasi məqsədlərə xidmət etdiyi qənaətindəyəm. Digər tərəfdən Azərbaycanın neft məhsullarının Ermənistana ixracı erməni cəmiyyətində uzun illər formalaşmış düşmənçilik düşüncələrinin zəifləməsinə də müsbət təsir göstərir. Bu prosesi tənqid edənlər, mənim fikrimcə, eynilə Ermənistanda olduğu kimi, daha çox siyasi dividentlər qazanmaq məqsədi güdürlər. Nəzərə almaq lazımdır ki, tranzit daşımalar və ixrac əməliyyatları iqtisadi əsaslarla həyata keçirilir və bunun müqabilində Azərbaycan tərəfi maliyyə gəlirləri əldə edir. Ümumilikdə, sülhün institusionallaşması və möhkəmləndirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Azərbaycan qalib dövlət olsa da, yenidən müharibənin baş verməsində maraqlı deyil. Əksinə, biz öz addımlarımızla regionda davamlı sülhün təmin olunmasına, qarşılıqlı etimadın gücləndirilməsinə və cəmiyyətlər arasında münasibətlərin normallaşmasına töhfə verməliyik”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Aprel 2026, 11:59   
Seçilən
1
pravda.az

1Mənbələr