Macarıstanda mühafizəkar siyasətçi və Avropa Parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlib. Seçki məntəqələrinin 98 faizinin nəticələrinə əsasən, Madyar və onun partiyası parlamentdə 199 yerdən 138-ni qazanıb. Bununla da o, 16 ildir Macarıstanın Baş naziri vəzifəsini tutan Viktor Orbanı bu postda əvəz edəcək. Bu siyasi dəyişikliyin Azərbaycan–Macarıstan münasibətlərinə və Macarıstanın Türk Dövlətləri Təşkilatındakı fəaliyyətinə hansı təsirləri olacağı isə maraq doğurur.
"Viktor Orbanın rəhbərlik etdiyi partiyanın seçkilərdə məğlub olması və müxalifətin, Peter Magyar liderliyi ilə qalib gəlməsi Macarıstanın daxili və xarici siyasətində mühüm dəyişikliklərin anonsu kimi qiymətləndirilə bilər". Bunu "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri Nadir Azəri QHT.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər xüsusilə beynəlxalq münasibətlər müstəvisində bir sıra suallar doğurur və həmin sualların cavabı yaxın 2-3 ay ərzində daha aydın şəkildə ortaya çıxacaq: "Əsas suallardan biri Macarıstanın qlobal proseslərdə, xüsusilə də Rusiya-Ukrayna müharibəsi kontekstində tutacağı mövqe ilə bağlıdır. Bəlli olduğu kimi, Orban hakimiyyəti dövründə Macarıstan Avropa İttifaqının Ukraynaya yardım paketlərinə qarşı ehtiyatlı və bəzən bloklayıcı mövqe sərgiləyirdi ki, bu da Avropa İttifaqı daxilində narazılıqlara səbəb olurdu.
İndi əsas məsələ yeni formalaşacaq Peter Magyar hökumətinin hansı xətti seçəcəyidir: Macarıstan Avropa İttifaqının ümumi siyasi kursuna tam uyğun hərəkət edəcəkmi, yoxsa balanslaşdırılmış siyasət yürüdərək həm Qərblə yaxınlığı qoruyub, həm də Rusiya ilə münasibətləri kəskinləşdirməməyə çalışacaq?"
Nadir Azəri qeyd edib ki, Magyarın seçkidən dərhal sonra Rusiya ilə dialoq aparmaq niyyətini ifadə etməsi yeni hökumətin Moskva ilə münasibətləri tam kəsmək istəmədiyini göstərir: "Lakin Rusiyanın Macarıstandakı yeni hakimiyyətə qarşı sərgilədiyi soyuq münasibət gələcəkdə tərəflər arasında müəyyən gərginlik ehtimalını da istisna etmir".
Ekspert əlavə edib ki, baş verən siyasi dəyişikliklər Türk Dövlətləri Təşkilatı ilə bağlı münasibətlər kontekstində də suallar yaradır. Onun sözlərinə görə, Macarıstan Orban dövründə bu təşkilat üçün Avropaya açılan mühüm qapılardan biri idi və əlaqələr yüksək səviyyəyə çatmışdı. İndi isə yeni hökumətin bu xətti davam etdirib-etdirməyəcəyi diqqət mərkəzindədir.
Sonda Nadir Azəri vurğulayıb ki, hakimiyyət dəyişikliyinə baxmayaraq, Azərbaycan ilə Macarıstan arasındakı münasibətlərdə ciddi mənfi dəyişiklik gözlənilmir: "Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır və bu əməkdaşlıq qarşılıqlı maraqlara, etibarlılığa və xüsusilə enerji sahəsində tərəfdaşlığa əsaslanır. Buna görə də Macarıstanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf edəcəyini demək mümkündür".
Fatimə Nəbiyeva