AZ

Argentinada futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayır

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də Argentinada futbol əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayır.

AZƏRTAC xəbər verir ki, 60 yaşlı Maradona 2020-ci il noyabrın 25-də qan laxtasının çıxarılması üçün beyin əməliyyatından sonra sağalarkən ürək tutmasından vəfat edib. “Reuters” agentliyinin məlumatına görə, ona xidmət edən tibb qrupunun yeddi üzvü əvvəlki işin uğursuz məhkəmə prosesi səbəbindən bağlanmasından təxminən bir il sonra səhlənkarlıqla adam öldürməkdə ittiham olunub.

San İsidro məhkəməsi 1986-cı il Dünya Kuboku çempionunun ölümünə səbəb olan tibb personalının səhlənkarlığı ilə bağlı məhkəmə prosesində təxminən 100 şahidin ifadəsini dinləyəcək.

Mərhum futbolçunun tibbi personalı hər hansı bir qanun pozuntusunu inkar edir. Təqsirləndirilən şəxslər arasında psixiatr, neyrocərrah, psixoloq, həkimlər, tibb bacısı və baş tibb bacısı var.

Keçən ilin mart ayında, ilk məhkəmə prosesi başladıqdan iki ay sonra cinayət işinə xitam verilmişdi.

Məhkəmənin ilkin mərhələsində prokurorlar tibb işçilərinin müalicə protokollarını pozduğunu və Maradonanın əməliyyatdan sonra sağaldığı evin lazımi qayğı göstərilmədiyi “qorxu teatrı” olduğunu iddia edirlər.

Müdafiə tərəfi uzun müddətdir davam edən sağlamlıq problemləri nəzərə alınmaqla, onun ölümünün labüd olduğunu iddia edib. Maradona on illər ərzində kokain və alkoqol asılılığından əziyyət çəkirdi.

Səhlənkarlıq iddiaları 2021-ci ildə prokurorlar Maradonanın ölümünü araşdırmaq üçün tibbi komissiya təyin etdikdən sonra ortaya çıxıb. Komissiya onun tibb qrupunun “düzgün olmayan, səriştəsiz və ehtiyatsız hərəkət etdiyi” qənaətinə gəlib.

Təqsirləri sübut olunarsa, müttəhimləri 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Seçilən
12
2
azertag.az

3Mənbələr