"Macarıstanda keçirilmiş parlament seçkilərində Viktor Orbánın məğlubiyyəti və yeni hökumətin formalaşması ölkənin xarici siyasət prioritetlərinə, o cümlədən Türk dünyası ilə münasibətlərinə müəyyən təsirlər göstərə biləcək mühüm siyasi hadisədir".
Bunu Hafta.az-a siyasi şərhçi Bəhruz Quliyev bildirib.
Ekspert qeyd edib ki, Viktor Orbán uzun illər ərzində Azərbaycan və ümumilikdə Türk dünyası ilə münasibətlərin inkişafına xüsusi önəm verən Avropa liderlərindən biri olub. Belə ki onun hakimiyyəti dövründə Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq genişlənib, Macarıstan bu platformada fəal iştirak edən tərəfdaş kimi çıxış edib.
Ekspert qeyd edib ki, yeni siyasi konfiqurasiya fonunda əsas sual bu kursun nə dərəcədə davam etdirilməsi ilə bağlıdır:
"Mövcud reallıqlar göstərir ki, dövlətlərin xarici siyasəti yalnız lider amili ilə deyil, daha çox milli maraqlar, iqtisadi zərurətlər və geosiyasi balans üzərində qurulur. Bu baxımdan, Macarıstanın Türk dünyası ilə əməkdaşlıqdan tam imtina etməsi real görünmür. Əksinə, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və iqtisadi tərəfdaşlıq kimi amillər bu münasibətlərin davamlılığını şərtləndirir.
Bununla yanaşı, Tisza Partiyası və onun lideri Peter Magyar tərəfindən formalaşdırılacaq yeni hökumətin əsas prioritetlərindən birinin Avropa İttifaqı ilə münasibətləri normallaşdırmalı olacağı gözlənilir. Bu isə xarici siyasətdə müəyyən korrektələrin edilməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, Türk dünyası ilə münasibətlər saxlanılacaq, lakin əvvəlki dövrlə müqayisədə daha praqmatik və iqtisadi məzmun kəsb edəcək.
Eyni zamanda, Macarıstan balanslaşdırılmış xarici siyasət kursunu davam etdirərək həm Qərb, həm də digər tərəfdaşlarla əməkdaşlığı qoruyacaq. Düşünürəm ki, Azərbaycan ilə mövcud strateji münasibətlər institusional əsaslara söykəndiyi üçün davamlı xarakter daşıyacaq.
Viktor Orbánın məğlubiyyəti müəyyən siyasi üslub dəyişikliyinə səbəb olsa da, Macarıstanın Türk dünyasına münasibətində kəskin dönüş gözlənilmir. Əsas dəyişikliklər daha çox prioritetlərin yenidən tənzimlənməsi və xarici siyasətdə ton fərqləri ilə müşahidə oluna bilər.
Bu baxımdan, yeni siyasi reallıqlar fonunda Azərbaycan və Türk dünyası ölkələrinin çevik və praqmatik diplomatik yanaşma sərgiləməsi xüsusi əhəmiyyət kəsb edir".