AZ

Tramp NATO nu yenidən hədəfə aldı: ABŞ siyasətində dəyişiklik nə vəd edir?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti Donald Tramp NATO daxilində siyasətin “çox ciddi” şəkildə yenidən nəzərdən keçiriləcəyini bildirib. O qeyd edib ki, ABŞ uzun illərdir NATO üçün trilyonlarla dollar xərcləyir. Tramp bu vəziyyəti “bir qədər gülünc” hesab edir. ABŞ prezidenti xüsusilə İranla bağlı əməliyyatlar zamanı müttəfiqlərdən dəstək almadığını vurğulayaraq alyansa məyusluğunu ifadə edib.

O, bəzi NATO ölkələrini cəzalandırmaq planı barədə isə konkret cavab verməkdən yayınaraq “görəcəyik” deməklə kifayətlənib.

ABŞ-ın NATO siyasətində mümkün dəyişikliklər Alyansın gələcək fəaliyyətinə necə təsir göstərə bilər? NATO İran müharibəsinə qoşula bilərmi?

Politoloq Oqtay Qasımov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ prezidentinin NATO ilə bağlı fikirləri yeni deyil.

Onun sözlərinə görə, Donald Trump hələ birinci prezidentlik dövründə də Alyansa tənqidi yanaşmasını ortaya qoymuşdu və ikinci dövründə bu mövqeni daha açıq şəkildə ifadə edir.

Oqtay Qasımov qeyd edir ki, bu siyasətin təməlindı duran əsas məsələ Avropa ölkələrinin hərbi xərclərini artırması tələbidir. Tramp hər ölkədən Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılmasını istəyirdi və NATO ölkələri 2025-ci ilin iyununda Haaqa şəhərində keçirilən zirvə toplantısında bu tələbi qəbul etdilər.

Politoloqun fikrincə, ABŞ ilə Avropa arasında yaranan ziddiyyətlərin bir neçə səbəbi var. Birincisi, Avropa ölkələrinin uzun illər ABŞ-ın təhlükəsizlik çətiri altında hərbi xərcləri minimum səviyyədə saxlamasıdır. Bu yükün böyük hissəsini isə məhz ABŞ öz üzərinə götürüb və indi Vaşinqton bu balansı dəyişmək istəyir.

İkinci səbəb isə qlobal proseslərlə bağlıdır. Tramp administrasiyası daha çox ABŞ-ın gücünə arxalanaraq təkbaşına hərəkət etməyə meyl göstərir. Xüsusilə İranla bağlı proseslərdə bu yeni yanaşma açıq şəkildə özünü göstərdi. Ənənəvi olaraq ABŞ beynəlxalq əməliyyatlarda koalisiyalar quraraq hərəkət etsə də, bu dəfə proses fərqli məcrada inkişaf etdi.

Politoloq xatırladır ki, 1991-ci ildə İraqla müharibə, 2001 və 2003-cü illərdə Əfqanıstan və İraq əməliyyatları, eləcə də 1999-cu ildə NATO-nun Serbiyaya qarşı müdaxiləsi zamanı geniş koalisiyalar formalaşdırılmışdı. Lakin İranla bağlı vəziyyətdə ABŞ və İsrail daha çox təkbaşına hərəkət etdi və sonradan NATO ölkələrinə müraciət olunsa da, Avropa bu çağırışa ehtiyatla yanaşdı.

Onun sözlərinə görə, bu səbəbdən hazırda ABŞ ilə müttəfiqləri arasında müəyyən fikir ayrılıqları müşahidə olunur. NATO baş katibinin Vaşinqtona səfəri də məhz bu münasibətləri dəqiqləşdirmək və gələcək addımları müəyyənləşdirmək məqsədi daşıyırdı.

Bununla belə, ekspert hesab edir ki, ABŞ-ın NATO-dan çıxması yaxın perspektivdə real görünmür. Çünki bu, uzun prosedurlar tələb edir və yalnız prezidentin iradəsi ilə həll edilə bilməz. ABŞ-da siyasi və institusional dairələrin əhəmiyyətli hissəsi NATO-nun qorunub saxlanmasını və bir alət kimi istifadəsini dəstəkləyir.

Politoloq əlavə edir ki, bu ziddiyyətlər alyansın fəaliyyətinə müəyyən mənfi təsir göstərsə də, tərəflər arasında ortaq məxrəcə gəlmək imkanları hələ tükənməyib. Avropa da öz növbəsində gələcəkdə müstəqil təhlükəsizlik arxitekturası qurmaq və qlobal güc mərkəzinə çevrilmək niyyətindədir, lakin bunun üçün zaman tələb olunur.

Sonda politoloq bildirir ki, Avropa ölkələrinin İranla mümkün müharibəyə qoşulması ehtimalı zəifdir. Bununla belə, xüsusilə Hörmüz boğazı ilə bağlı məsələlərdə bəzi NATO ölkələrinin ABŞ-a dəstək verməsi və İrana təzyiq göstərməsi istisna edilmir, çünki bu su yolu qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
50
bizimyol.info

10Mənbələr