Bakı, 14 aprel, AZƏRTAC
Qadınlar dünya əhalisinin, demək olar ki, yarısını təşkil edir. Onların səlahiyyətləndirilməsi, iqtisadi cəhətdən gücləndirilməsi ayrı-ayrı dövlətlərin deyil, həm də dünyanın inkişafı deməkdir. Bu, həm sosial rifahın yüksəldilməsi, həm də iqtisadi nailiyyətlərin əldə olunmasında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova deyib.
O qeyd edib ki, qadın sahibkarlığının müasir problemləri əsasən maliyyə resurslarına məhdud çıxış, biznes savadlılığının çatışmazlığı, ailə-biznes balansının qurulması çətinliyi və gender stereotipləri ilə bağlıdır. “Xüsusilə regionlarda biznesin idarə edilməsi, rəqəmsal marketinq və qanunvericilik bazası haqqında məlumatlılığın artırılmasına ehtiyac var. Qadın sahibkarların maarifləndirilməsi, təlimlərin təşkili və dövlət-sahibkar dialoqunun gücləndirilməsi də önəmlidir. Çünki qadınların sahibkarlıq fəaliyyətinin artırılması, onların hüquqlarının qorunması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, layiqli əməyin təmin olunması, qanunvericiliyin təkmilləşdirilməsi, ölkələrarası və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi bütövlükdə inkişafa və rifaha xidmət edəcək”, - deyə Hicran Hüseynova vurğulayıb.