
Türkiyənin Şanlıurfa vilayətində yerləşən məktəblərin birində baş verən silahlı insident zamanı 16 nəfər yaralanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Şanlıurfa valisi Hasan Şıldak açıqlama verib.
Onun sözlərinə görə, liseydə baş verən silahlı insident nəticəsində ümumilikdə 16 nəfər yaralanıb.
Valinin sözlərinə görə, yaralananlardan 4-ü müəllim, 10-u şagird, 1-i polis əməkdaşı, 1-i isə liseyin işçisidir. Onlardan 4 nəfərin vəziyyəti nisbətən ağır qiymətləndirildiyi üçün Şanlıurfa şəhər mərkəzindəki xəstəxanalara köçürülüb, digər 12 yaralının müalicəsi isə Siverek Dövlət Xəstəxanasında davam etdirilir.
Onun sözlərinə görə, silahlı hücumu həyata keçirən şəxs məktəbin keçmiş şagirdi olub və 2007-ci il təvəllüdlüdür. O, polis müdaxiləsi zamanı özünə atəş açaraq həyatına son qoyub.
Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, hücum tüfənglə həyata keçirilib. Hadisədən sonra məktəb təxliyə edilib, təhlükəsizlik qüvvələri genişmiqyaslı araşdırmaya başlayıb.
*** 12:01
Türkiyənin Şanlıurfa vilayətində yerləşən məktəblərin birində silahlı insident baş verib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı bir məktəbli əlindəki silahla ətrafa atəş açıb.
Hadisə nəticəsində 13 şagirdin yaralandığı bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.