AZ

“Günlərdir evlərdə çirkab suların səviyyəsi 1 metrdən aşağı düşmür” Video

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“16 gündür ki, Masazır qəsəbəsi Zərifə Əliyeva küçəsindəki evlər kanalizasiya sularının altında qalıb. Mənzillərdə çirkab suların səviyyəsi 1 metrdən aşağı düşmür, bütün əşyalarımız sıradan çıxıb. Sakinlər o vaxtdan evlərindən didərgin düşüb, kirayə köçüblər”.

Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.

Şikayətçi Elçin Əhmədovun sözlərinə görə, bu vəziyyətdə olan 300-dən çox ev var: “Ötən həftə yağan yağışlardan sonra gətirib əraziyə nasoslar qoydular. Həmin qurğular da 4-5 gün istifadəsiz qaldı. Dedilər ki, guya çatdıra bilmirlər. Halbuki, vaxtında köməklik edilib su çəkilsəydi, bu vəziyyət olmazdı.

Elə bir az çəkmişdilər, suyun səviyyəsi 15-20 sm enmişdi ki, dünənki yağışdan sonra yenidən 1 metrə qalxdı. 7 hektar ərazi, 300 ev bu vəziyyətdə qalıb, evlərimiz, əşyalarımız kanalizasiya sularının altında yararsız hala düşüb. İnsanlara minlərlə manat zərər dəyib. Baxan, maraqlanan yoxdur. Biz istəyirik ki, evlərdəki sular tez bir zamanda çəkilsin, mənzillər dezinfeksiya edilsin”.

Vətəndaşlar bildirirlər ki, orada yığılan sular digər ərazilərdən gələn kanalizasiya sularıdır: “Bu ərazidə qanunsuz axıdılan kanalizasiya suları yığılırdı. Demək olar ki, bütün Masazırın binalarının çirkab suları ora axıdılırdı. Sonra kiçik motorxanadan o sular “Riyad”dakı mərkəzi nasosxanaya vurulurdu. Son yağışlardan sonra mərkəzi nasosxana batdı, bütün çirkab sular evlərimizə doldu. Mindən çox sakin bu cür acınacaqlı vəziyyətdə qalıb”.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, briqadalar tərəfindən həmin ərazilərdən suyun çəkilməsi üçün sakinlərə köməklik göstərilir: “Normadan 6 dəfə çox yağan bir neçə günlük intensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilib. Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur.

Həmçinin elə ərazilər var ki, orada İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. O cümlədən evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Lakin buna baxmayaraq, müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərilir”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
qafqazinfo.az

2Mənbələr