AZ

Orbanın məğlubiyyəti Kreml üçün ŞOK, Ukrayna üçün QƏLƏBƏ oldu

Macarıstanda Viktor Orbanın məğlubiyyəti Kreml üçün ciddi zərbə, Ukrayna üçün isə mühüm siyasi üstünlük kimi qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Atlantic Council nəşri yazıb.

Məqalədə bildirilir ki, baş nazir Viktor Orbanın 16 illik hakimiyyəti onun rəhbərlik etdiyi Fidesz partiyasının parlament seçkilərində uduzması ilə başa çatıb.

Seçkilərdə qələbəni Peter Madyarın başçılıq etdiyi müxalif Tisza partiyası qazanıb və hazırda Budapeştdə yeni hökumət formalaşdırılır.

Nəşr qeyd edir ki, seçkinin nəticələri Avropadakı qüvvələr balansını ciddi şəkildə dəyişə bilər.

Belə ki, Orban hakimiyyəti dövründə Macarıstan dəfələrlə Avropa İttifaqının Ukraynaya dəstək qərarlarını bloklayıb, eyni zamanda Rusiyaya qarşı sanksiyalara şübhə ilə yanaşıb.

Atlantic Council yazır ki, Budapeştdə hakimiyyət dəyişikliyi Kiyevdə müsbət qarşılanıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Kiyev Macarıstanla münasibətlərdə “yeni səhifə” açmağa və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Məqalədə vurğulanır ki, yeni baş nazir Peter Madyar artıq siyasi kursun dəyişəcəyinə işarə verib. O, Viktor Orbanın daha əvvəl dayandırdığı, Ukraynaya ayrılması nəzərdə tutulan 105 milyard dollarlıq Aİ kreditinin qarşısını almayacağını bəyan edib.

Bununla yanaşı, nəşr həddindən artıq nikbinliyə də əsas olmadığını yazır.

Bildirilir ki, Madyar əvvəllər Ukraynaya silah tədarükünə qarşı çıxıb və bu ölkənin Avropa İttifaqına sürətlə qəbulunu dəstəkləmir.

Ukraynalı analitiklər hesab edirlər ki, Orban bəzən Avropadakı daha geniş fikir ayrılıqları fonunda “rahat günah keçisi”nə çevrilirdi. Bununla belə, onun gedişi Avropa İttifaqında Kiyevə qarşı avtomatik müqavimətin səviyyəsini azaldır.

Atlantic Council-in qənaətinə görə, Orbanın məğlubiyyəti Moskva üçün də ağır zərbədir.

Məqalədə qeyd olunur ki, o, illər boyu Rusiyaya qarşı sərt sanksiya təşəbbüslərini ləngidib, Ukraynaya hərbi dəstəyin əleyhinə çıxış edib və bununla da faktiki olaraq Vladimir Putinin Aİ daxilində maraqlarının irəliləməsinə yardım göstərib.

Sızdırılan məlumatlara əsasən, Macarıstan rəsmiləri hətta Rusiya tərəfi ilə Aİ-nin məxfi sənədlərini müzakirə ediblər.

Bu isə Budapeştlə Moskva arasındakı əlaqələrin dərinliyini göstərir.

Analitiklər hesab edirlər ki, Orbanın hakimiyyətdən getməsi Rusiyanın Avropa İttifaqının qərarlarına daxildən təsir imkanlarını zəiflədir. Bu da Avropanın Ukraynaya dəstək məsələsində daha vahid mövqe sərgiləməsinə səbəb ola bilər.

Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr