AZ

“Sabah”ın legioneri: Baş məşqçimizin aşıladığı mentalitetlə hər komandanı məğlub edəcəyimizə inanırıq MÜSAHİBƏ

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycan Premyer Liqasında 27 turdan sonra 66 xalla turnir cədvəlinə başçılıq edən “Sabah” komandasının almaniyalı hücumçusu Coy Lens Mikels AZƏRTAC-ın suallarını cavablandırıb.

- Çempionluq yolunda əsas rəqibiniz "Qarabağ"ın xal itirdiyi turda "Sabah" da "Zirə" ilə görüşdə heç-heçə etdi. Qələbə qazana bilməməyinizin əsas səbəbi nə idi?

- Bu oyunun çox vacib olduğunu bilirdik. Matça qələbə üçün çıxmışdıq. Amma bəzən oyunlar planlaşdırdığın kimi getmir. Məncə, komandamızda rəqib qapısı önündə bir qədər effektivlik çatmadı. Əgər sən fürsətləri dəyərləndirmirsənsə, rəqib səni cəzalandıracaq. Bu oyunda “Zirə” meydana 5 müdafiəçi ilə çıxmışdı. Bu da rəqibin bizə nə qədər hörmətlə yanaşdığını göstərir.

- Çempionluq mübarizəsi aparan komandalar üzərində hər zaman təzyiq olur. Bəzən bu təzyiq komandaya mənfi də təsir də göstərir. Bəs, siz buna necə hazırlaşırsınız?

- Təzyiq futbolun bir hissəsidir, xüsusilə də yüksək pillələr uğrunda mübarizə aparanda. Biz diqqətimizi qorumağa, gördüyümüz işə inanmağa və komanda olaraq bir-birimizi dəstəkləməyə davam edirik. Məşqçilər korpusu bizi psixoloji cəhətdən yaxşı hazırlayır. Çalışırıq hər oyundan zövq alaq, çünki ən yaxşı performansı məhz o zaman göstəririk. Düzünü desəm, təzyiq hiss etmirik. Baş məşqçimizin işinə inanırıq. O, komandanı inanılmaz dərəcədə yaxşı hazırlayır və bizə elə bir mentalitet aşılayır ki, komanda olaraq hər kəsi məğlub edə biləcəyimizə inanırıq.

- Azərbaycan Kubokunda "Qarabağ"la cavab oyununa çıxacaqsınız. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb. Cavab matçı haqqında düşüncələriniz nədir? Çempionluğa görə kuboku qurban verərsiniz?

- “Qarabağ” çox təcrübəli və güclü komandadır. Onlara qarşı oynayarkən 90 dəqiqə ərzində intizamlı, kompakt və diqqətli qalmaq lazımdır. Kiçik səhvlər oyunun taleyini həll edə bilər. Rəqibə hörmətlə yanaşırıq. Komanda olaraq bu oyuna çox yaxşı hazırlaşırıq. İnanıram ki, meydandan uğurlu nəticə ilə ayrılacağıq. Hər iki yarış - həm çempionat, həm də kubok bizim üçün önəmlidir.

- “Zirə” ilə son oyunda fərqlənməklə “Sabah”ın heyətində 70-ci qolunuzu vurdunuz. Hədəflədiyiniz qol sayı varmı?

- Əlbəttə, qollarımla komandama kömək etmək hər zaman xoşdur. 70 qola çatdığıma görə də sevinirəm. Amma mənim üçün əsas olan komandamın uğurlarıdır. Buna görə qol sayına o qədər də fokuslanmıram.

- Növbəti mövsümdə də "Sabah"da qalmağı düşünürsünüz?

- Hazırda diqqətim mövsümü güclü şəkildə başa vurmağa yönəlib. Yalnız komandamın oyunlarına fokuslanmışam. Bəzi danışıqlar olub, amma hələ heç nə yekunlaşmayıb. Yayda nə olacağını görəcəyik. Onu deyə bilərəm ki, “Sabah”da olmaqdan şadam.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
azertag.az

2Mənbələr