AZ

"Sülh olmayan regionlarda inkişaf uzunmüddətli dayanır" - DEPUTAT DANIŞDI

"Regional münaqişələr ölkələrə hər zaman ciddi mənfi təsir göstərir. Bəzən bu münaqişələrdə birbaşa iştirak etməyən dövlətlər belə, yalnız həmin regionda yerləşdiyinə görə ağır nəticələrlə üzləşir".

Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bunun ən bariz nümunələrindən biri Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəllərindən başlatdığı münaqişədir: "Bu müharibə təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə region üçün ağır nəticələr doğurdu. Regional inkişaf ləngidi, əməkdaşlıq zəiflədi, nəqliyyat-kommunikasiya xətləri bağlandı və iqtisadi itkilər yarandı.

Münaqişə nəticəsində Ermənistan uzun illər təcrid vəziyyətində qaldı və yalnız onilliklər sonra anlamağa başladı ki, sülh və əməkdaşlıq iqtisadi inkişaf üçün daha əlverişlidir. Bu gün regionda münasibətlərin normallaşması istiqamətində atılan addımlar, kommunikasiya xətlərinin açılması və iqtisadi əlaqələrin bərpası bunun nə qədər vacib olduğunu bir daha göstərir.

Eyni tendensiyanı digər regionlarda da müşahidə edirik. Məsələn, Hörmüz boğazı ətrafında baş verən gərginliklər təkcə münaqişə tərəflərinə deyil, bütün dünya iqtisadiyyatına təsir edir. Bu strateji marşrutun bağlanması ehtimalı neft qiymətlərinin artmasına, yük daşımalarının çətinləşməsinə, ərzaq təhlükəsizliyinə və turizm sektoruna ciddi zərbə vurur.

Bu cür gərginliklər xüsusilə Dubay, Əbu-Dabi, Doha kimi regionun iqtisadi və turizm mərkəzlərinə də mənfi təsir göstərir. Hətta münaqişənin birbaşa iştirakçısı olmayan ölkələr belə, hərbi risklər və təhlükəsizlik narahatlıqları səbəbilə zərər görür.

Məsələn, Səudiyyə Ərəbistanı uzun illərdir iqtisadiyyatını şaxələndirmək və neftdən asılılığı azaltmaq üçün “Vision 2030” proqramı çərçivəsində turizmi inkişaf etdirməyə çalışır. Eyni şəkildə Birləşmiş Ərəb Əmirlikləri xüsusilə daşınmaz əmlak və turizm sahəsində böyük uğurlar əldə etmişdi. Lakin regional gərginliklər bu sahələrdə investisiya mühitini zəiflədir, investorların marağını azaldır və iqtisadi itkilərə səbəb olur.

Bu nümunələr göstərir ki, regional münaqişələr yalnız müharibə aparan tərəflərə deyil, bütün regiona və hətta qlobal iqtisadiyyata mənfi təsir göstərir. Bu təsirlər enerji bazarından tutmuş logistika, turizm və ərzaq təhlükəsizliyinə qədər geniş sahələri əhatə edir.

Biz bu acı nəticələri həm öz tariximizdə, həm də bu gün dünyada baş verən hadisələrdə aydın şəkildə görürük. Buna görə də sülh, sabitlik və regional əməkdaşlıq hər bir ölkə üçün əsas prioritet olmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
9
2
sia.az

3Mənbələr