Nazirin bu fikri fonunda belə bir sual ortaya çıxır: bütün ixtisas və sahələr üzrə yalnız ixtisas fənlərinin deyil, digər fənlərin də dərindən öyrənilməsi nə dərəcədə vacibdir? Yəni bütün abituriyentlər üçün fənlərin eyni səviyyədə tələb olunması doğru yanaşmadırmı?
Nəzərə alsaq ki, hazırda şagirdlər 7-8-ci siniflərdən etibarən seçdikləri ixtisas qruplarına uyğun fənlər üzrə təhsil alırlar, digər fənlər isə ixtisas istiqamətinə aid olmadığı üçün daha az mənimsənilir.
Bu isə daha bir sualı gündəmə gətirir: ixtisas seçimi ilə tələb olunan biliklər arasında uyğunsuzluq varmı?
Bütün bu fikirlər fonunda belə bir sual da yaranır: nazirin bu yanaşması gələcəkdə ixtisas qruplarının ləğvinə səbəb ola bilərmi?
AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev qeyd edib ki, gələcəkdə təhsil sistemində müəyyən dəyişikliklər - qrupların ləğv edilməsi nəticəsində fənn sayının azaldılmasına səbəb ola bilər.
"Nazir Emin Əmrullayevin çıxışı birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu. Bir çoxları hesab edir ki, cənab nazir demək istəyirdi ki, hansı sahədən asılı olmayaraq, hər kəs, xüsusilə də məntiqi təfəkkürü güclü olanlar, öz sahəsində daha böyük uğurlar qazana bilər.
Bu, hüquq, iqtisadiyyat, tibb və digər sahələrə də aiddir. Məsələn, həkimlik sahəsində intellektual səviyyəsi və analitik düşünmə qabiliyyəti yüksək olan şəxslər daha uğurlu olurlar. Çünki onlar ani və düzgün qərar verməyi bacarmalıdırlar.
Bu baxımdan düşünmək olar ki, nazir məhz bu fikri ifadə etmək istəyib. Bununla yanaşı, hüquq fakültəsində təhsil alan və gələcəkdə peşəkar olmaq istəyən şəxslər tarix hadisələrini və proseslərini dərindən öyrənməli, onları təhlil və tədqiq etməyi bacarmalıdırlar. Çünki bu biliklər onların gələcək fəaliyyətində düzgün və əsaslandırılmış qərarlar verməsinə müsbət təsir göstərir.
Digər tərəfdən, cənab nazirin səsləndirdiyi fikirlərdən belə bir nəticə də çıxarmaq mümkündür ki, gələcəkdə təhsil sistemində müəyyən dəyişikliklər - qrupların ləğv edilməsi nəticəsində fənn sayının azaldılmasına səbəb olsun. Məsələn, əsas fənlər kimi riyaziyyat, məntiq və Azərbaycan dili üzrə imtahanların keçirilməsi, 9-cu sinifdən sonra isə yuxarı siniflərdə ali təhsil müəssisələrinin hazırlıq proqramları əsasında daha ixtisaslaşmış tədris modelinə keçid mümkün ola bilər. Bu isə qrupların formatının dəyişməsinə və fənlərin sayının azalmasına səbəb ola bilər".