AZ

“İş vədi” ilə başlayan TƏHILÜKƏLİ yol... – İnsan alverinin yeni üzü

Azərbaycanda insan alveri ilə mübarizə sahəsində aparılan əməliyyatlar göstərir ki, bu cinayət artıq klassik formadan çıxaraq daha mürəkkəb və texnoloji müstəviyə keçib.

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər. E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyəyə aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində müxtəlif sayt və səhifələr vasitəsilə fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q və X.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, aşkarlanan faktlar göstərir ki, insan alveri şəbəkələri artıq sosial şəbəkələr, “Telegram” kanalları və hətta kriptovalyuta üzərindən fəaliyyətlərini genişləndiriblər: “2025-ci ilin statistikasına baxsaq, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən illik məlumatlara əsasən 2025-ci ildə ölkədə onlarla insan alveri faktı qeydə alınıb. Bu cinayətlər üzrə əsas zərərçəkmişlər qadınlardır və onların böyük hissəsi cinsi istismara məruz qalıb. Cinayətlərin əksəriyyəti transmilli xarakter daşıyır. Yəni qurbanlar ölkədən çıxarılaraq əsasən Türkiyə və BƏƏ kimi istiqamətlərə aparılır. İnsan alverçiləri daha çox iş və yüksək gəlir vədləri ilə aldadaraq qurbanları tora salırlar”.

Tağı

Natiq Ələsgərov deyib ki, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan illik “Trafficking in Persons Report” (TIP) hesabatında da Azərbaycan insan alverinə qarşı mübarizədə müəyyən irəliləyişlər əldə etsə də, risk qrupunda olan qadınların və sosial həssas təbəqələrin hələ də hədəfdə olduğu qeyd edilir: “2025-ci ildə ortaya çıxan ən təhlükəli məqamlardan biri insan alverinin rəqəmsal platformalara daşınmasıdır. Son əməliyyatlarda “Telegram” kanalları və saytlar vasitəsilə qadınların “escort xidməti” adı altında satışa çıxarıldığı, şəxsi məlumatların və intim fotoların şantaj alətinə çevrildiyi görünür. Qurbanların platformadan çıxmaq istədikdə təhdid və zorakılıqla saxlanıldığı müəyyən edilib. Bu, klassik insan alveri sxeminin artıq kibercinayət elementləri ilə birləşdiyini göstərir.

İstintaq materiallarında diqqət çəkən digər mühüm detal isə cinayətkarların əldə etdikləri gəlirləri kriptovalyuta vasitəsilə ölkədən çıxarmasıdır. Bu mexanizm pulun izini itirməyə imkan verir. Transmilli cinayətkar qruplar arasında əlaqəni asanlaşdırır, hüquq-mühafizə orqanlarının işini çətinləşdirir. Bu fakt artıq insan alverinin sadəcə sosial yox, həm də maliyyə və kibertəhlükəsizlik problemi olduğunu təsdiqləyir”.

Hüquqşünas həmçinin bildirib ki, 2025-ci ilin məlumatlarına görə, ən çox risk altında olanlar işsiz və sosial təminatı zəif qadınlardır: “Regionlardan paytaxta və ya xaricə iş axtarmağa gedənlər daha tez hədəfə çevrilir. Bəzi hallarda qurbanlar əvvəlcədən tanıdıqları şəxslər tərəfindən aldadılır. Bu isə problemin yalnız kriminal yox, həm də sosial-iqtisadi köklərə malik olduğunu göstərir”.

Natiq Ələsgərov xatırladıb ki, insan alveri ilə bağlı müraciətlər üçün 152 qaynar xətt fasiləsiz fəaliyyət göstərir: “Qaynar xətlə əlaqə saxlayan qurbanların təhlükəsizliyi və məxfiliyi təmin olunur. Reabilitasiya və sosial dəstək mexanizmləri tətbiq edilir. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar Azərbaycanda bu sahədə institusional mexanizmlərin gücləndirilməsini tövsiyə edir. 2025-ci ilin faktları göstərir ki, insan alveri rəqəmsal platformalarda, kriptovalyuta sistemlərində və sosial şəbəkələrdə yaşayan bir təhlükəyə çevrilib. İnsan alveri ilə mübarizə artıq təkcə polis əməliyyatı deyil, informasiya təhlükəsizliyi, sosial siyasət və beynəlxalq əməkdaşlıq məsələsidir. Əks halda, “iş vədi” ilə başlayan yol, çox zaman seks-köləliklə bitir…”

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr