Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində silahlı hücum baş verib.
KONKRET.az xəbər verir ki, məlumata görə, ov tüfəngi ilə silahlanmış şəxs məktəb binasına daxil olaraq qarşısına çıxanlara atəş açıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və polis qüvvələri cəlb olunub.
Bildirilib ki, hücum edən şəxs bəzi şagirdləri girov götürüb, lakin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə şagirdlərin əksəriyyəti təxliyə edilib.
Şanlıurfa valisi Həsən Şıldak hadisə ilə bağlı açıqlamasında bildirib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdidir və 2007-ci il təvəllüdlüdür. O, hadisədən sonra həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır, hücumun motivləri hələlik məlum deyil.
Həmçinin qeyd olunur ki, bəzi şagirdlər xilas olmaq üçün pəncərələrdən tullanıblar. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdiriliblər.
Müşviq Tofiqoğlu
KONKRET.az