AZ

Rusiya ilə bağlı ŞOK iddialar

Rusiyada gizli elmi mərkəzlərdə zəhərli maddələrin hazırlanması ilə bağlı ciddi iddialar irəli sürülüb.

Musavat.com xəbər verir ki, “Proyekt” araşdırma platformasının məlumatına görə, 2010-cu ildə prezident Kremlin göstərişi ilə yaradılan “Siqnal” elmi mərkəzi zəhərləyici maddələrin hazırlanması və sınaqları ilə əlaqəli ola bilər.

Araşdırmada bildirilir ki, mərkəzdə təxminən 500 nəfər çalışır və burada elmi-tədqiqat bölmələri, istehsalat sektoru və klinik sınaqlar bloku fəaliyyət göstərir. Ekspertlərin fikrincə, bu qurum zəhərli maddələrin sintezini, onların aşkarlanması üsullarını və heyvanlar üzərində sınaqları həyata keçirə bilər. Hətta bəzi hallarda insan üzərində testlərin aparılması ehtimalı da istisna edilmir.

Məlumata görə, mərkəzin rəhbərliyində hərbi və biotibbi sahədə təcrübəsi olan alimlərlə yanaşı, təhlükəsizlik orqanlarından gəlmiş şəxslər də yer alır. Bəzi əməkdaşların Müdafiə Nazirliyi strukturları və zəhərlənmə hadisələri ilə bağlı adı hallanan mütəxəssislərlə əlaqəli olduğu qeyd olunur.

Araşdırmada vurğulanır ki, mərkəzin bəzi bölmələri fosfororqanik zəhərlər, o cümlədən “Noviçok” tipli maddələr, biotoksinlər, nanoteknologiyalar və molekulyar genetika üzərində işləyir. Bu istiqamətlərə zəhərlərin çatdırılma sistemlərinin hazırlanması və müəyyən genetik xüsusiyyətlərə təsir göstərə biləcək tədqiqatlar da daxil edilir.

Xüsusilə klinik sınaqlar şöbəsi diqqət çəkir. Burada çalışan həkim və tibbi personalın mövcudluğu zəhərli maddələrin insan orqanizminə təsirinin müşahidə edilməsi ehtimalını gücləndirir.

Bundan əlavə, jurnalistlər müəyyən ediblər ki, Rusiya Müdafiə Nazirliyinin Hərbi Tibb Elmi-Tədqiqat İnstitutunda da müxtəlif maddələr və təsirlər “sağlam könüllü hərbçilər” üzərində sınaqdan keçirilir. Bu praktika 2015-ci ildən tətbiq olunur və bəzi hallarda iştirakçılarda ciddi sağlamlıq problemləri qeydə alınıb.

Araşdırmada qeyd edilir ki, institutun rəhbəri Sergey Çepur əvvəllər Skripalların zəhərlənməsi ilə bağlı əməliyyatlarda iştirak edən şəxslərə məsləhətçi kimi dəstək verib.

Qeyd edək ki, bu iddialar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib, lakin araşdırma Rusiyada qapalı elmi strukturların fəaliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr